Türkiyə NATO missiyası çərçivəsində Estoniyaya "F-16" qırıcıları göndərir
Türkiyə Hərbi Hava Qüvvələrinin 181-ci eskadrilyasının 76 hərbi qulluqçusu və beş ədəd "F-16" qırıcı təyyarəsi NATO-nun Baltikyanı ölkələrin hava məkanının mühafizəsi missiyasında (Baltic Air Policing) iştirak etmək üçün Estoniyaya yola düşəcək.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyyət" qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, avqust ayından noyabr ayınadək rotasiya qaydasında davam edəcək missiyasının əsas məqsədi öz qırıcı təyyarələri olmayan Latviya, Litva və Estoniyanın hava sərhədlərinin təhlükəsizliyini təmin etməkdir.
Türkiyə Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Özdemir "Anadolu" agentliyinə bildirib ki, bu tapşırıq NATO-nun şərq cinahının müdafiəsi baxımından mühüm strateji əhəmiyyət kəsb edir. O vurğulayıb ki, missiya Türkiyənin beynəlxalq çəkindiricilik imkanlarının güclənməsinə, müttəfiq qüvvələrlə qarşılıqlı əlaqələrin inkişafına və strateji potensialın artırılmasına ciddi töhfə verəcək.
Xatırladaq ki, "Bloomberg" agentliyi ötən ilin dekabrında NATO-nun Türkiyəyə müraciət edərək Baltikyanı regionda hava patrul xidməti üçün "F-16" təyyarələrinin nəzərdə tutulandan daha tez ayrılmasını xahiş etdiyini bildirmişdi. Agentliyin məlumatına görə, alyans qırıcıları Baltic Air Policing missiyası çərçivəsində 2026-cı ilin avqust-dekabr ayları aralığında Estoniyada növbətçiliyə cəlb etməyi planlaşdırırdı.
Qeyd edək ki, Türkiyə Hərbi Hava Qüvvələri daha əvvəl 2021-ci il iyulun 6-dan sentyabrın 15-dək Polşanın, 2023-cü il noyabrın 30-dan 2024-cü il aprelin 2-dək isə Rumıniyanın hava məkanının patrul olunmasında iştirak edib.