Mərkəzi Bankın sədri: Neftin qiymətinin azalması ciddi risk yaratmır
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov neftin qiymətində qısamüddətli dəyişikliklərin iqtisadiyyat üçün ciddi təhlükə yaratmadığını bildirib.
Operativ Media xəbər verir ki, o, Azərbaycan Dövlət Televiziyasına və APA İnformasiya Agentliyinə müsahibəsində son 20 ildə yalnız 2020-ci ildə neftin orta illik qiymətinin 42 ABŞ dolları olduğunu xatırladıb.
AMB sədri qeyd edib ki, neftin qiyməti il ərzində kəskin dəyişə bilər, lakin əsas göstərici orta illik qiymətdir.
Taleh Kazımovun sözlərinə görə, neftin orta illik qiyməti 45 ABŞ dolları olsa belə, mövcud hasilat həcmləri nəzərə alınarsa, Azərbaycanın cari əməliyyatlar balansı profisitli olaraq qalacaq.
O əlavə edib ki, dövlət büdcəsində neftin orta illik qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub və qiymətin hər 10 ABŞ dolları dəyişməsi icmal büdcəyə təxminən 1,4 milyard manat təsir göstərir.
Kazımov bildirib ki, zərurət yarandığı halda bəzi xərclərin optimallaşdırılması və investisiya layihələrinin növbəti ilə keçirilməsi ilə mümkün mənfi təsirlərin qarşısını almaq mümkündür. Onun sözlərinə görə, nə büdcə, nə də cari əməliyyatlar balansı baxımından neftin qiymətinin azalması ciddi problem yaratmır.