Rəşad Sadıqov: Yeni mövsüm üçün 4-5 legioner transfer edəcəyik
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında "SOCAR Polymer Arena"da Estoniyanın "Payde" klubunu qəbul edəcək "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Operativ Media xəbər verir ki, mütəxəssis ilk görüşdəki məğlubiyyətdən sonra mərhələ adlamaq üçün var gücləri ilə mübarizə aparacaqlarını bildirib:
"Sabah bizi cavab görüşü gözləyir. Mərhələnin ilk oyununda uduzmuşuq. Sabah ikinci oyuna çıxacağıq. Doğma azarkeşlərin qarşısında oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, qalib gələk, mərhələni keçək. Başa düşürük ki, rəqibin müəyyən üstünlüyə var. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirib, qalib gələk və mərhələ adlayaq. "Sabah"ı təbrik edirəm, ilk dəfə əsas mərhələdə çıxış edəcəklər. "Neftçi" və "Qarabağ"a uğurlar arzulayaram. Hər üç komandamızı vacib oyunlar gözləyir. Çox istəyərdim ki, hər dörd komandamız əsas mərhələdə, ən azından pley-offda olsun. Bu, Azərbaycan futbolu üçün böyük təkan olardı. "Sabah" Allah qoysa, Çempionlar Liqasının Liqa mərhələsinə düşər, ən pis halda Avropa Liqasına".
İssa Cibrillanın formadan düşməsi ilə bağlı suala toxunan baş məşqçi futbolçunun zədələrdən əziyyət çəkdiyini vurğulayıb:
"Bizdə məsələlər yaxşı təhlil olunmur. İssa keçən il altı dəfə zədələnib. Kubokun finalında da zədələndi. Bir ay hardasa bərpa dövrü keçdi. Onu yavaş-yavaş oynadırıq. "Payde" ilə səfər matçında ilk dəqiqələrdən oynatdıq, amma bilirdim ki, 100 faiz hazır deyil. Cavab oyununda ona ehtiyacımız olacaqdı. Ümid edirəm ki, sabah İssa yaxşı oyunlarından birini keçirəcək".
Komandaya yeni qoşulan gənc oyunçular haqqında fikirlərini bölüşən Sadıqov transfer siyasəti barədə danışıb:
"Futbolçuların potensialına inandıqca, gəncləri komandamıza dəvət edəcəyik. Abdulazizi dəvət etdik. Yavaş-yavaş bərpa olur. Gələcək oyunlarda oynaya bilər. Smit və Krisə gəldikdə, gəncdirlər və gələcəklərinə inanıram. Bəlkə də birində Salifunu, birindi Cibrillanı axtarırıq. Oxşar keyfiyyətləri var. İnanıram ki, gələcəkdə parlayacaqlar".
Transferlərin davam edəcəyini qeyd edən mütəxəssis tələsmədiklərini bildirib:
"Yeni mövsüm üçün 4-5 legioner gələcək. Sadəcə tələsmirk. Avrokuboka görə çempionatı qurban vermək istəmirik. Danışıqlar gedən, baxdığımız oyunçular var. Qarşıdakı bir ay ərzində hər şey dəqiqləşəcək".
Estoniya təmsilçisini təhlil edən Rəşad Sadıqov rəqibin təcrübəli heyətə malik olduğunu vurğulayıb:
"Bir çox suallara istədiyim kimi cavab verə bilməyəcəm. Rəqib də təhlil edir, hər açıqlamaya baxır. Oyun üslubu olaraq bir-birinə bənzəyən komandalardır. Bir az fərqli oyunlar alındı. Bəzi sualların cavabını sabah mətbuat konfransında sonra açıqlayarıq. Oyun istədiyimiz kimi keçirdi. Ümumi çıxışımızdan razı qaldım. Oyuna nəzarət edən tərəf biz idik. Sadəcə qarşımızda təcrübəli və nəticəyə oynaya bilən komanda var idi. Bunu oyun ərzində də hiss etdik. Rəqib bizi çox yaxşı təhlil etmişdi. Nəticə üçün uğurlu oyun planı qurmuşdular. Hücumları qola çevirə bilmədik. Son 10 dəqiqə istəmədiyimiz şəkildə keçdi. Çoxsaydlı kornerlər, aut atışları oldu. Buraxdığımız qol bizi məyus etdi. 110 avrokubok oyunu oynamışam, burada elə-belə rəqib olmur. Hansısa oyun istədiyin kimi rahat gedər, amma hər an rəqib nəticəni dəyişə bilər. Bəzən yaxşı oynamaq kifayət etmir. Yaxşı nəticə qazanmaq istəyirik. Rəqib təcrübəlidir, heyətində təcrübəli oyunçular çoxdur, yaxşı məşqçiləri var. Sabah əlimizdən gələni edəcəyik ki, oyun planımız işləsin, bizim oyunumuz alınsın".
Mütəxəssis növbəti mərhələdəki potensial rəqiblər barədə düşünmədiklərini deyib:
"O barədə qətiyyən düşünmürük. Bizi indi düşündən sabahkı oyundur".