Uzun uçuşlar kimlər üçün risklidir? - Həkim danışır
Uzun uçuşlar dedikdə adətən 4–6 saatdan artıq davam edən səfərlər nəzərdə tutulur. Belə uçuşlar bəzi hallarda orqanizmə mənfi təsir göstərə bilər. Bunun əsas səbəblərindən biri yuxu rejiminin pozulması və saat fərqinin orqanizmin bioloji ritminə təsir etməsidir. Nəticədə yuxusuzluq, baş ağrısı, başgicəllənmə və ümumi halsızlıq kimi problemlər yarana bilər.
Bu sözləri Operativ Media-ya açıqlamasında terapevt Sübhan Hacıyev deyib.
O bildirib ki, təyyarənin qalxması və enməsi zamanı təzyiq dəyişikliyi səbəbindən qulaq və burun tutulması da tez-tez rast gəlinən narahatlıqlardandır:
“Ən ciddi risklərdən biri isə dərin ven trombozudur. Bu risk xüsusilə hamilələrdə, son üç ay ərzində cərrahi əməliyyat keçirmiş şəxslərdə, 60 yaşdan yuxarı insanlarda, ürək-damar xəstəlikləri olanlarda və uzun müddət hərəkətsiz qalan şəxslərdə daha yüksəkdir. Belə hallarda aşağı ətraf venalarında tromb əmələ gəlməsi həyati təhlükə yarada bilər. Ayaqlarda şişkinlik, ağrı və göynəmə hissi də bu vəziyyətin əlamətlərindən ola bilər.
Bundan əlavə, arterial hipertenziya, şəkərli diabet və böyrək çatışmazlığı kimi xroniki xəstəlikləri olan şəxslərdə, xüsusilə xəstəlik nəzarətdə olmadıqda, uzun uçuşlar zamanı sağlamlıq problemləri daha da ağırlaşa bilər.
Uzunmüddətli uçuşların mənfi təsirlərini azaltmaq üçün kifayət qədər su qəbul etmək vacibdir. Uçuşdan bir gün əvvəl duzlu qidalardan və fast-food məhsullarından uzaq durmaq tövsiyə olunur. Mümkünsə, koridor tərəfində əyləşmək, hər saatdan bir ayağa qalxaraq qısa müddət gəzmək və oturduğunuz yerdə ayaqları diz və topuq oynaqlarından hərəkət etdirmək qan dövranını yaxşılaşdırmağa kömək edir.
Qalxma və enmə zamanı saqqız çeynəmək və ya udqunmaq qulaqda yaranan təzyiqi azalda bilər. Həmçinin uçuş zamanı rahat geyim və ayağı sıxmayan ayaqqabı seçilməsi də daha komfortlu və təhlükəsiz səyahət üçün tövsiyə olunur”.
