İqnasio Kassis: İsveçrə Azərbaycanın konstruktiv rolunu yüksək qiymətləndirir
İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis AZƏRTAC-a eksklüziv müsahibə verib.
Operativ Media AZƏRTAC-a istinadən müsahibəni təqdim edir.
-İsveçrə Konfederasiyası Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndə onu tanıyan ilk ölkələrdən biridir. Gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyi tamam olacaq. Bakıya səfəriniz ikitərəfli əlaqələrin gələcək inkişafına hansı töhfəni verəcək?
-İsveçrənin Azərbaycanın müstəqilliyini erkən tanıması ölkələrimiz arasında sıx və davamlı münasibətlərin təməlini qoyub.
Səfərim siyasi dialoqumuzu dərinləşdirmək, iqtisadi əməkdaşlığı gücləndirmək və ortaq maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə etmək üçün gözəl fürsətdir. Diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünə yaxınlaşdıqca, artıq indiyə qədər əldə olunan nailiyyətləri daha da artırmaq və tərəfdaşlığımızı daha da gücləndirmək istəyirik.
-İsveçrə-Azərbaycan münasibətlərinin hazırkı dinamikasını necə xarakterizə edərdiniz?
-İsveçrə və Azərbaycan arasında sıx və dinamik inkişaf edən əlaqələr mövcuddur və bu münasibətlər müntəzəm siyasi dialoqa əsaslanır. İllər ərzində ölkələrimiz arasında həyata keçirilmiş çoxsaylı yüksəksəviyyəli səfərlər və mübadilələr bu münasibətlərin necə möhkəm və davamlı olduğunu nümayiş etdirir.
Ermənistanla sülh istiqamətində əldə olunmuş irəliləyiş bütün region üçün, o cümlədən sabitlik və iqtisadi əməkdaşlıq baxımından yeni imkanlar yaradır. Azərbaycan Cənubi Qafqazda İsveçrənin mühüm tərəfdaşı və Avropa ilə Asiya arasında əsas əlaqədir və regional mərkəz kimi rolu da artmaqdadır.
Bretton Vuds institutları çərçivəsindəki əməkdaşlığımız münasibətlərimizin xüsusi bir istiqamətidir. Azərbaycanın İsveçrənin rəhbərlik etdiyi qurumda üzvlüyü etimad yaradır və müntəzəm siyasi dialoqa, siyasət koordinasiyasına və texniki əməkdaşlığa şərait yaradır.
İqtisadi əlaqələrimiz də inkişaf edir. İsveçrə son illərdə əhəmiyyətli dərəcədə artan enerji sektorundan başqa Azərbaycanın ixracı üçün əhəmiyyətli məkandır. Biz ticarət və investisiya sahəsində, xüsusilə də Azərbaycanın iqtisadi şaxələndirilməsini və innovasiyalarını dəstəkləyən sektorlarda daha çox potensial görürük.
-Bakı həm də qlobal enerji layihələrinin mərkəzidir. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?
-Bugünkü geosiyasi kontekstdə enerji mənbələrinin və təchizat marşrutlarının şaxələndirilməsi Avropanın təhlükəsizliyi və dayanıqlığı üçün mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan etibarlı enerji tərəfdaşına çevrilib və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır. Onun töhfəsi yalnız bir təchizatçıdan asılılığı azaltmağa kömək edir, həmçinin daha sabit və şaxələndirilmiş enerji təchizatını təmin edir.
İsveçrə Azərbaycanın konstruktiv rolunu və Avropa ilə etibarlı enerji əməkdaşlığına sadiqliyini yüksək qiymətləndirir.
-Azərbaycan Hökuməti və İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya 2003-cü ildə təsis edilib. Artıq 20 ildən çoxdur fəaliyyət göstərən bu platformanın iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasında və investisiya mühitinin genişləndirilməsində rolunu necə qiymətləndirirsiniz?
-Birgə İqtisadi Komissiya ikitərəfli münasibətlərimizin əsas alətidir. Bu, bizə konkret imkanları müəyyən etməyə, biznes mühitini yaxşılaşdırmağa, İsveçrə və Azərbaycan şirkətlərinin, xüsusilə də neft və qazdan başqa digər sektorlarda bir-birinə yaxınlaşmasına imkan yaradır.
Sentyabrın 15-də İsveçrədə keçiriləcək 10-cu iclas biznes-forum ilə birlikdə bu əməkdaşlığı dərinləşdirmək və yeni tərəfdaşlıqlar qurmaq üçün fürsət yaradacaq.
-İsveçrə şirkətlərinin Azərbaycandakı, xüsusilə də işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrindəki fəaliyyətləri və gələcək əməkdaşlıq potensialı barədə də fikirlərinizi bölüşməyi xahiş edirik.
-İnanıram ki, İsveçrə şirkətləri fəaliyyət göstərdikləri bazarlara faydalı təcrübə və innovasiya gətirə bilərlər.
Onların investisiya ilə bağlı qərarları müstəqil olaraq, bazar potensialına, iqtisadi dayanıqlığa, hüquqi müəyyənliyə və ümumi biznes mühitinə əsaslanaraq qəbul edilir. İsveçrə Hökumətinin rolu bu seçimləri istiqamətləndirmək deyil, şirkətlərin inamla investisiya qoyub inkişaf edə biləcəyi etibarlı investisiya şəraitinin yaradılmasına dəstək olmaqdır.
-Azərbaycan Şərqlə Qərbi birləşdirən mühüm logistika mərkəzidir. İsveçrə Bakıdan keçən Orta Dəhliz layihəsinin inkişafında və bu infrastrukturdan yararlanmaqda nə dərəcədə maraqlıdır?
-Azərbaycanın coğrafi mövqeyi ona Şərqlə Qərb arasında körpü rolunu oynamağa kömək edir.
İsveçrə Orta Dəhlizin inkişafında maraqlıdır, çünki etibarlı və şaxələndirilmiş ticarət yolları açıq və dayanıqlı qlobal iqtisadiyyat üçün çox əhəmiyyət kəsb edir. Logistika, infrastruktur və rəqəmsallaşdırma kimi sahələrdə əməkdaşlıq üçün potensial görürük.
Cenevrədə yerləşən “Mediterranean Shipping Company” (MSC) tərəfindən ötən il Bakıda nümayəndəliyin açılması Azərbaycanın regional nəqliyyat mərkəzi kimi roluna artan marağın bariz nümunəsidir.
-Dünyada və regionda münaqişələrin artdığı bir vəziyyətdə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi - sülhün əldə olunması, Azərbaycan ərazisindən tranzit olmaqla Ermənistana yük daşımalarının həyata keçirilməsi, ölkəmizin Ermənistana yanacaq tədarükü və sair barədə də fikirləriniz maraqlı olardı.
-İsveçrə Azərbaycanla Ermənistan arasında sülh istiqamətində əldə edilmiş irəliləyişi və uzun illərdir dəhşətli əzablar yaşadan münaqişənin öhdəsindən gəlmək üçün hər iki tərəfin nümayiş etdirdiyi siyasi iradəni alqışlayır.
Mən bunu həm İsveçrənin xarici işlər naziri, həm də ATƏT-in fəaliyyətdə olan sədri kimi bildirirəm. Qarşıdakı səfərim zamanı eyni mesajı Yerevana da çatdıracağam.
İsveçrə daima dialoq və etimadın qurulmasına sadiqdir. Cenevrədə 2022-ci ildə iki xarici işlər naziri arasında danışıqlar aparılıb və biz faydalı olduqda normallaşma istiqamətində atılacaq addımları dəstəkləməyə hazırıq.
Ticarətin, nəqliyyat əlaqələrinin və digər etimadın qurulması tədbirlərinin bərpası ümidvericidir. Ümid edirik ki, hər iki tərəf bu irəliləyişi davam etdirəcək və hər iki ölkənin xalqlarına fayda verən davamlı sülhə doğru irəliləyəcək.
Mən, həmçinin dekabr ayında ATƏT-in Nazirlər Şurası üçün Luqanoda Azərbaycan və Ermənistan xarici işlər nazirlərini qarşılamağı səbirsizliklə gözləyirəm. İsveçrənin sədrliyi dövründə biz ATƏT-i dialoq platforması kimi gücləndirmək niyyətindəyik. Bu, bütün 57 iştirakçı dövlətin hələ də eyni masa ətrafında oturduğu azsaylı yerlərdən biridir. Gərginlik dövründə bu danışıqları davam etdirmək özü artıq bir nailiyyətdir; bundan etibarı bərpa etmək üçün istifadə etmək isə bizim məsuliyyətimizdir.