DMX: Azərbaycanda əcnəbilərin qeydiyyat qaydalarının pozulması halları çoxalıb
Son dövrlər əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının artdığı müşahidə olunur.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tələblərinə əsasən, ölkə ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri, habelə onları qəbul edən tərəfi miqrasiya qanunvericiliyinin tələblərinə riayət etməyə çağırır.
Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması məqsədilə onu qəbul edən tərəf həmin şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində müvafiq ərizə-anketi və əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin pasportunun yaxud digər sərhədkeçmə sənədinin surətini Dövlət Miqrasiya Xidmətinə təqdim etməlidir.
Sənədlər Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsinin elektron xidmətlər bölməsində “Əcnəbilərin və vətəndaşlığıolmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması” elektron xidmətindən istifadə edərərək və ya [email protected] elektron poçt ünvanına göndərilməklə elektron qaydada, həmçinin fiziki olaraq regional miqrasiya baş idarə və idarələrinə, o cümlədən “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən miqrasiya xidmətləri işçi pəncərələrinə təqdim edilə bilər. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması” elektron xidməti “mygov” rəqəmsal hökumət platforması vasitəsilə də istifadəçilərə təqdim edilir.
Qeyd edək ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün yuxarıda göstərilmiş qaydada müraciət edə bilərlər.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.
Tələb olunan müddətdə olduğu yer üzrə qeydiyyata alınmama əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin, həmçinin onları qəbul edən tərəfin inzibati məsuliyyətə cəlb edilmələri üçün əsasdır.