Menyu

Qərb bölgəsində əlverişsiz hava kənd təsərrüfatını ləngidir: Bazarda qiymətlər necə dəyişəcək?

Ayşən Sadıxzadə
Qərb bölgəsində əlverişsiz hava kənd təsərrüfatını ləngidir: Bazarda qiymətlər necə dəyişəcək?

Azərbaycanın qərb bölgələrində davam edən yağıntılı və nisbətən soyuq hava şəraiti kənd təsərrüfatı işlərində ləngimələrə səbəb olub. Müşahidə olunan qeyri-sabit hava xüsusilə Şəmkir və Gədəbəy rayonlarında çalışan fermerlərin iş rejimini pozub, məhsulun yetişmə müddətini və sahə işlərini ləngidib.

Fermerlərin sözlərinə görə, ötən illərin müvafiq dövrü ilə müqayisədə bu il məhsulun bazara çıxarılması prosesində nəzərəçarpan təxirəsalınmalar var. Geçən ilin bu vaxtlarında artıq sahələrdən ilk məhsul yığılaraq satışa çıxarıldığı halda, bu il temperaturun normadan aşağı olması və tez-tez yağan yağışlar bitkilərin vegetasiya dövrünü uzadıb. Bu da tərəvəz və digər kənd təsərrüfatı bitkilərinin vaxtında yetişməsinə mane olur.

Havanın yağıntılı keçməsi təkcə əkinçiliyə deyil, heyvandarlıq təsərrüfatına da mənfi təsir göstərib. Regionda ot biçini mövsümü başlasa da, sahələrin palçıqlı olması və otun qurudulması üçün lazımi günəşli havanın olmaması səbəbindən işlər yarımçıq qalıb. Fermerlər bildirirlər ki, biçilmiş otun yağış altında qalması onun keyfiyyətini aşağı salır, bu isə qış tədarükü üçün əlavə risklər yaradır.

Bu gecikmələr mövsümi kənd təsərrüfatı məhsullarının daxili bazardakı qiymətinə necə təsir edəcək? Bazarda süni qiymət artımı və ya məhsul qıtlığı gözlənilirmi?

Arasıkəsilməz yağışlar və rütubətli hava şəraiti bitkilərdə (xüsusən kartof və tərəvəz əkinlərində) göbələk və digər xəstəliklərin (məsələn, fitoftora) yayılması riskini nə qədər artırır?

Mövzu ilə bağlı Operativ Media-ya danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, yağıntıların çoxalması kənd təsərrüfatında həm məhsulun keyfiyyətinə, həm də kəmiyyətinə mənfi təsir göstərə bilər:

"Xüsusilə meyvə-tərəvəz və üzüm bitkilərinin yetişdirilməsi, yığılması və tədarükünün intensiv olduğu bu dövrdə qeyri-sabit hava şəraiti fermerlər üçün əlavə risklər yaradır.

Yağıntılı və rütubətli hava şəraitində bir sıra xəstəliklərin törədiciləri daha sürətlə inkişaf edir. Meyvə bitkilərində dəmgil xəstəlikləri, üzümdə antraknoz və mildiyu, tərəvəz bitkilərində isə fitoftora kimi xəstəliklərin yayılma riski artır. Bu xəstəliklərin bir çoxunun törədiciləri məhz yüksək rütubətli və zəif havalanan şəraitdə daha intensiv inkişaf edir.

Mütəxəssisin sözlərinə görə, xəstəliklərin qarşısının alınması üçün fermerlərin vaxtında müdaxilə etməsi vacibdir. Yağıntı dayandıqdan sonra uyğun hava şəraiti yaranan kimi bitkilərin xəstəliklərə qarşı mühafizə tədbirləri həyata keçirilməlidir. Bununla yanaşı, müasir bitki mühafizə preparatlarından istifadə və aqrotexniki tədbirlərin vaxtında aparılması tövsiyə olunur.

Meyvə və üzüm bağlarında, eləcə də tərəvəz sahələrində bitkilərin normal havalanmasını təmin etmək də mühüm əhəmiyyət daşıyır. Bunun üçün yaşıl budama kimi aqrotexniki tədbirlər vaxtında həyata keçirilməlidir. Çünki sıx və havasız şərait göbələk xəstəliklərinin inkişafını sürətləndirə bilər.

Yağıntılar məhsulun yetişmə prosesini də ləngidə bilər. Yetişmə mərhələsində olan meyvələrdə çatlama və çürümə halları arta, nəticədə məhsul itkisi yarana bilər. Bu isə həm cari ilin məhsuldarlığına, həm də bitkinin növbəti il üçün hazırlığına təsir göstərə bilər.

Xüsusilə xəstəliklərə yoluxmuş bitkilərdə növbəti il normal məhsuldarlığın təmin olunması çətinləşə bilər. Buna görə də fermerlərin hava şəraitini diqqətlə izləməsi və profilaktik tədbirləri vaxtında həyata keçirməsi vacibdir”.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə görə, Qərb bölgələrində yağıntılı və nisbətən sərin havanın təsiri ilk növbədə məhsul yığımının və bazara çıxarılmasının vaxtını dəyişə bilər:

"Lakin bir neçə həftəlik gecikməni avtomatik olaraq məhsul qıtlığı və kəskin qiymət artımı kimi qiymətləndirmək düzgün olmaz. Burada əsas məsələ hava şəraitinin nə qədər davam etməsi və məhsuldarlığa faktiki zərərin hansı səviyyədə olmasıdır.

Yığımın gecikməsi qısamüddətli dövrdə bazara daxil olan məhsulun həcmini azalda bilər. Məsələn, məhsul sahədə hazır olsa da, yağış səbəbindən texnikanın sahəyə daxil olması mümkün deyilsə, həmin məhsul müəyyən müddət ərzində bazara çıxmır. Tələb isə dəyişməz qalır. Belə vəziyyətdə topdansatış və pərakəndə qiymətlərə müəyyən təzyiq yarana bilər. Xüsusilə tez xarab olan tərəvəzlərdə bu təsir daha sürətli hiss olunur.

Digər tərəfdən, havaların normallaşması ilə yığım işlərinin sürətlənməsi və məhsulun qısa müddətdə bazara böyük həcmdə daxil olması mümkündür. Bu halda əvvəl yaranmış qiymət təzyiqi zəifləyə bilər. Ona görə indiki mərhələdə davamlı və kəskin bahalaşmadan çox, ayrı-ayrı məhsullar üzrə müvəqqəti qiymət dalğalanması daha real görünür.

Yağıntının uzun müddət davam etməsi bitkilərdə xəstəlik riskini də artırır. Torpaqda və bitki örtüyündə yüksək rütubət, havalandırmanın zəifləməsi və yarpaqların uzun müddət nəm qalması fitoftora və digər göbələk xəstəlikləri üçün əlverişli şərait yarada bilər. Bu risk xüsusilə kartof və pomidor kimi bitkilərdə əhəmiyyətlidir. Lakin xəstəliyin yayılması yalnız yağışın miqdarından asılı deyil; temperatur, əkin sıxlığı, torpağın vəziyyəti, sort, aqrotexniki tədbirlər və bitkinin inkişaf mərhələsi də mühüm rol oynayır.

Əgər xəstəliklər geniş yayılsa, məsələ artıq sadəcə yığımın gecikməsi olmayacaq. Məhsuldarlıq aşağı düşə, məhsulun bir hissəsi keyfiyyətini itirə və bazara çıxarılan yararlı məhsulun həcmi azala bilər. Bu isə qiymət artımına daha ciddi əsas yaradar. Xüsusilə əhalinin gündəlik istehlak etdiyi kartof, pomidor və digər tərəvəzlərdə təklifin azalması daha tez hiss edilə bilər.

Burada süni qiymət artımı ilə real bazar bahalaşmasını da fərqləndirmək lazımdır. Əgər bazara daxil olan məhsulun həcmi həqiqətən azalırsa və buna qarşılıq tələb sabit qalırsa, qiymətin yüksəlməsi normal bazar reaksiyasıdır. Amma məhsul ehtiyatları kifayət qədər olduğu halda, bəzi topdansatış və ya pərakəndə iştirakçıların “hava pisdir, məhsul az olacaq” gözləntisi ilə qiymətləri əvvəlcədən artırması başqa məsələdir. Belə vəziyyətdə qiymət artımı real qıtlıqdan çox, gözlənti və spekulyativ davranışla bağlı ola bilər.

Buna görə qarşıdakı dövrdə yalnız pərakəndə qiymətlər deyil, fermerin məhsulu hansı qiymətə satdığı, topdansatış qiymətləri, bazara gündəlik daxil olan məhsulun həcmi və anbar ehtiyatları da izlənilməlidir. Əgər fermer qiyməti dəyişmədiyi halda məhsulun mağazada və bazarda qiyməti sürətlə artırsa, burada ticarət zəncirində əlavə marjanın və ya süni bahalaşmanın olub-olmamsı araşdırılmalıdır.

Yerli məhsulun azalması müəyyən hallarda idxala tələbi də artıra bilər. Əgər daxili istehsal bazarın tələbatını tam ödəyə bilmirsə, xüsusilə mövsümlərarası dövrdə idxal hesabına yaranan boşluq doldurula bilər. Bu, bir tərəfdən bazarda fiziki qıtlığın qarşısını almağa kömək edir, digər tərəfdən idxal məhsullarının qiymətinin formalaşmasına dünya bazarındakı qiymətlər, daşınma və logistika xərcləri də təsir etdiyi üçün bahalaşma riski yarada bilər.

Lakin burada mühüm üstünlük Azərbaycanın müxtəlif regionlarında məhsul istehsalının həyata keçirilməsidir. Qərb bölgəsində hava şəraitinin məhsuldarlığa mənfi təsiri digər bölgələrdə daha əlverişli hava şəraiti və məhsul tədarükü ilə müəyyən qədər kompensasiya oluna bilər. Buna görə yalnız Şəmkir və Gədəbəydəki vəziyyətə əsaslanaraq bütün ölkə üzrə tərəvəz qıtlığı proqnozlaşdırmaq doğru olmaz.

Ən böyük risk yağışlı havanın qısamüddətli olması deyil, uzun müddət davam etməsi və bunun ardınca xəstəliklərin geniş yayılmasıdır. Birinci halda əsasən yığım və satış gecikməsi yaranır və hava normallaşanda vəziyyət nisbətən tez bərpa oluna bilər. İkinci halda isə məhsuldarlıq azalır və bazara daxil olan ümumi məhsul həcmi həqiqətən aşağı düşür. Bu zaman qiymət artımının daha davamlı olması ehtimalı yüksəlir.

Hazırkı mərhələdə mən kəskin və ümumi kənd təsərrüfatı məhsulları qıtlığını əsas ssenari hesab etməzdim. Daha real risk ayrı-ayrı məhsullar üzrə qısamüddətli bahalaşma və qiymətlərin dəyişkənliyinin artmasıdır. Bunun qarşısını almaq üçün bazarda məhsul həcmlərinin və qiymətlərin gündəlik monitorinqi, fermerlərə xəstəliklərlə mübarizə və aqrotexniki tədbirlər üzrə operativ dəstək, zərurət yaranarsa isə idxal kanallarının çevik şəkildə açıq saxlanılması vacibdir.

Əsas məsələ də budur ki, hava şəraiti ilə bağlı yaranan real problemi bazarda süni qiymət artımı üçün bəhanəyə çevirməyə imkan verilməsin. Əgər məhsul həqiqətən azalıbsa, bazara əlavə məhsul gətirilməsi və idxal imkanlarının genişləndirilməsi qiymət təzyiqini azalda bilər. Əgər məhsul kifayət qədərdirsə, lakin qiymət yalnız gözləntilər və vasitəçilərin davranışı səbəbindən artırılırsa, burada rəqabət və antiinhisar nəzarəti daha ciddi əhəmiyyət daşıyır”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər