Menyu

Azərbaycanda torpaq laboratoriyaları beynəlxalq standartlara uyğunlaşdırılır

Operativ Media
Azərbaycanda torpaq laboratoriyaları beynəlxalq standartlara uyğunlaşdırılır

Azərbaycan torpaq laboratoriyaları sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm irəliləyiş əldə edib.

Bu barədə Operativ Media-ya Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşəbbüsü olan Qlobal Torpaq Laboratoriyaları Şəbəkəsinin (GLOSOLAN) səriştəlilik sınağında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin 8 torpaq laboratoriyasının sınağı uğurla tamamlayıb.

Səriştəlilik sınağına hazırlıq çərçivəsində FAO tərəfindən Sabirabad, Ucar və Şəki regional laboratoriyalarının 30 əməkdaşı üçün texniki təlimlər təşkil olunub. FAO-nun beynəlxalq eksperti və Aqrar Xidmətlər Agentliyinin mütəxəssislərinin keçirdiyi təlimlərdə torpaq analizləri, nümunələrin hazırlanması, nəticələrin emalı və standart metodların tətbiqi üzrə praktiki bilik və bacarıqlar təkmilləşdirilib.

Bu nailiyyət FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində FAO-nun Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə sıx əməkdaşlıq əsasında həyata keçirdiyi texniki dəstək fəaliyyətinin nəticəsidir. Əməkdaşlıq torpaq laboratoriyalarının texniki və peşəkar potensialının artırılmasına, torpaq analizlərinin keyfiyyətinin və etibarlılığının yüksəldilməsinə yönəlib.

FAO-nun Qlobal Torpaq Tərəfdaşlığı çərçivəsində yaradılmış GLOSOLAN torpaq laboratoriyaları arasında əməkdaşlığı və vahid keyfiyyət yanaşmalarını təşviq edir. Şəbəkənin beynəlxalq səviyyədə tanınan səriştəlilik sınağı laboratoriyaların analiz nəticələrinin dəqiqliyini beynəlxalq meyarlarla müqayisə etməsinə şərait yaradır. Ölkənin 11 torpaq laboratoriyasının potensialının gücləndirilməsi laboratoriya xidmətlərinin müasirləşdirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyən edən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın icrasına birbaşa dəstək verir.

“Dəqiq və etibarlı torpaq analizləri dayanıqlı kənd təsərrüfatı üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan laboratoriyalarının beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsinə dəstək verməklə, biz ölkədə elmi əsaslı qərarların qəbulunu gücləndiririk. Bu iş fermerlərin ehtiyaclarına cavab verməklə yanaşı, torpaq ehtiyatlarının qorunmasına və kənd təsərrüfatının inkişafına xidmət edir,” – FAO-nun Azərbaycandakı nümayəndəsi Nasar Hayat bildirib.

Bildirilib ki, 11 laboratoriyaların hər biri səriştəlilik sınağını uğurla tamamladıqdan sonra Azərbaycanda beynəlxalq səviyyədə tanınan standartlara uyğun fəaliyyət göstərən vahid torpaq laboratoriyaları şəbəkəsi formalaşacaq. Bu isə torpaq ehtiyatlarının dayanıqlı idarə olunması, kənd təsərrüfatında məhsuldarlığın artırılması və ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün güclü zəmin yaradacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər