Hakan Fidan və Aqil Saleh Liviyadakı böhranı müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Hakan Fidan və Liviyanın şərqində fəaliyyət göstərən Nümayəndələr Palatasının sədri Aqil Saleh Benqazidə keçirilən görüşdə ölkədəki böhranın həlli yollarını və regional vəziyyəti müzakirə ediblər.
Operativ Media xəbər verir ki, bu barədə parlamentin rəsmi nümayəndəsi Abdalla Blihak məlumat yayılıb.
Danışıqlar zamanı Aqil Saleh dövlət qurumlarının birləşdirilməsinin və xalqın iradəsini əks etdirən prezident və parlament seçkilərinin keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Tərəflər, həmçinin ikitərəfli əlaqələrin inkişaf perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri nəzərdən keçiriblər.
Palata sədri Liviya İnkişaf və Yenidənqurma Fondunun dəstəyi ilə həyata keçirilən bərpa layihələrini dəstəklədiyini bildirib və Türkiyə şirkətlərinin ölkənin şərq və cənub bölgələrindəki bu proqramlarda iştirakını müsbət qiymətləndirib.
Qeyd edək ki, Hakan Fidanın Benqazidəki danışıqları onun Liviya Milli Ordusunun komandanı Xəlifə Həftərlə həmin gün baş tutan görüşündən sonra gerçəkləşib. Türkiyə XİN başçısı Liviyaya iki günlük rəsmi səfər çərçivəsində gəlib və bu, onun Benqaziyə ilk səfəridir.