“Sabah” Futbol Klubu azarkeş insidenti ilə bağlı bəyanat yaydı
“Sabah” Futbol Klubu tarixi qələbədən sonra oyunöncəsi baş verən azarkeş insidenti ilə bağlı rəsmi mövqeyini açıqlayıb və hüquq-mühafizə orqanları ilə əməkdaşlığa hazır olduğunu bildirib.
Operativ Media xəbər verir ki, klub tərəfindən “fair play” prinsiplərinə, qarşılıqlı hörmətə və sivil davranış qaydalarına hər zaman üstünlük verildiyi vurğulanıb, həmçinin ev matçlarındakı ailəvi və təhlükəsiz atmosferin xüsusi dəyər daşıdığı qeyd olunub.
Bəyanatda hüquq-mühafizə və təhlükəsizlik qurumlarının peşəkarlığı yüksək qiymətləndirilib, ölkəmizin qonaqpərvərlik ənənələrinə sadiqlik nümayiş etdirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, insidentdən əvvəl qonaq komandanın azarkeşləri tərəfindən yerli azarkeşlərə qarşı şifahi aqressiya və təhqiramiz ifadələr işlədilib. Buna baxmayaraq, klub heç bir halda fiziki zorakılığa haqq qazandırmadığını və bütün mübahisələrin sivil yollarla həll olunmalı olduğunu bəyan edib.
Qurum UEFA və digər aidiyyəti qurumlarla tam əməkdaşlıq edərək müşahidə kameralarının görüntüləri daxil olmaqla bütün materialları təqdim etməyə hazır olduğunu qeyd edib. Sonda həm yerli, həm də xarici fanatlar futbol mədəniyyətinə və qarşılıqlı hörmətə riayət etməyə çağırılıb.