Menyu

Rəqəmsal dövrdə söz azadlığı: Sosial media və onlayn medianın məsuliyyət sərhədləri - TƏHLİL

Ayşən Sadıxzadə
Rəqəmsal dövrdə söz azadlığı: Sosial media və onlayn medianın məsuliyyət sərhədləri - TƏHLİL

Rəqəmsal texnologiyaların sürətli inkişafı informasiya mübadiləsini və ünsiyyəti köklü şəkildə dəyişib. Əvvəllər söz azadlığı əsasən qəzet, radio və televiziya kimi ənənəvi media vasitəsilə ifadə olunurdusa, bu gün sosial şəbəkələr və onlayn platformalar hər bir insana geniş auditoriyaya çıxış imkanı verir. İnformasiyanın saniyələr ərzində milyonlarla insana çatdırılması isə söz azadlığı ilə yanaşı, məsuliyyət məsələsini də aktuallaşdırır.

Rəqəmsal məkanın əsas xüsusiyyətlərindən biri informasiyanın hazırlanması və yayılmasının sürətli olmasıdır. İstənilən istifadəçi sosial şəbəkə hesabı vasitəsilə məlumat paylaşa, fikir bildirə və ictimai müzakirəyə təsir göstərə bilər. Bununla yanaşı, anonim və saxta profillərin mövcudluğu, yoxlanılmamış məlumatların sürətlə yayılması, təhqir, böhtan və şəxsi məlumatların qanunsuz şəkildə paylaşılması rəqəmsal mühitdə hüquqi və etik məsuliyyət məsələlərini ön plana çıxarır.

Sosial mediada söz azadlığı və hüquqi məsuliyyət

Rəqəmsal platformalarda yaranan münasibətlərin hüquqi baxımdan tənzimlənməsi artıq bir çox ölkələrdə müzakirə olunan əsas məsələlərdəndir. Azərbaycanda da kibertəhlükəsizlik, informasiya, informasiyalaşdırma və media sahəsində müxtəlif qanunvericilik aktları qəbul edilib.

Mövzu ilə bağlı Operativ Media-ya danışan Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Hikmət Məmmədov hesab edir ki, rəqəmsal platformalarda hüquqi münasibətlərin tənzimlənməsi istiqamətində mövcud qanunvericilik bazası hələ tam kifayət deyil.

Deputatın sözlərinə görə, sosial mediada münasibətlər hüquq və qanunlarla tənzimlənməli, beynəlxalq təcrübədən də istifadə edilməlidir.

O bildirib ki, sosial şəbəkələrdə təhqir və digər hüquq pozuntularına qarşı mübarizə aparılır və bu istiqamətdə işlər gələcəkdə də davam etdirilməlidir.

Hikmət Məmmədov xüsusilə sosial şəbəkə istifadəçilərinin kimliyinin hüquqi baxımdan müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, istifadəçilərin qeydiyyatının şəxsiyyətin müəyyən edilməsinə imkan verəcək formada aparılması məsuliyyət hissini artırmaqla yanaşı, saxta profillərdən istifadənin də qarşısını ala bilər.

Deputat qeyd edib ki, hazırda vətəndaşlar saxta profillər yarada, hətta ölkə xaricindən Azərbaycan informasiya məkanında fəaliyyət göstərən saxta hesablar aça bilirlər. Onun fikrincə, sosial şəbəkələrdə vətəndaşların hüquqlarının pozulması halları davam etdikcə bu münasibətlərin hüquqi tənzimlənməsinə ehtiyac da artır.

Hikmət Məmmədovun sözlərinə görə, qanunvericilik cəmiyyətdə yaranan yeni ictimai münasibətlərin tənzimlənməsi zərurətindən sonra formalaşır. Bu baxımdan, gələcəkdə hüquqi nizamın sosial şəbəkələrə və digər rəqəmsal platformalara daha geniş şəkildə tətbiqi mümkün olacaq.

Sürət və jurnalistika prinsipləri

Rəqəmsal mühitdə informasiyanın yayılma sürətinin artması ənənəvi medianın fəaliyyətinə də təsir göstərir. Lakin sürət heç də jurnalistikanın əsas prinsiplərindən imtina etmək anlamına gəlmir.

Media eksperti Yadigar Məmmədli bildirib ki, sosial şəbəkələrin formatı və istifadə imkanları zamanla dəyişsə də, jurnalistikanın prinsipləri dəyişmir.

Onun sözlərinə görə, sosial şəbəkələr məlumatı çox qısa müddətdə milyonlarla insana çatdıra bilir. Buna baxmayaraq, media sürət naminə balanslı və obyektiv xəbər yaymaq prinsipindən uzaqlaşmamalıdır.

“Balanslı xəbər bizim əsas silahımızdır”, - deyə ekspert vurğulayıb.

Yadigar Məmmədli qeyd edib ki, hazırlanan hər bir media məhsulu jurnalistikanın etik prinsiplərinə uyğun olmalı, məlumatlar mümkün qədər bir neçə mənbəyə əsaslanmalıdır. Xüsusilə sosial şəbəkələrdə yayılan məlumatların sürətlə dəyişdiyi və geniş auditoriyaya çatdığı bir şəraitdə yarımçıq və təsdiqlənməmiş informasiyanın paylaşılması ciddi problemlər yarada bilər.

Ekspertin fikrincə, sosial şəbəkələr məlumatı mediadan daha tez yaya və ictimai rəyin formalaşmasına təsir göstərə bilər. Lakin əsas və etibarlı mənbə yenə də peşəkar jurnalistika olmalıdır.

“Media jurnalistikanın əsas prinsiplərindən nə qədər uzaqlaşarsa, cəmiyyətin mediaya olan etimadı da bir o qədər azalacaq”, - deyə Yadigar Məmmədli bildirib.

Şəxsi məlumatların qorunması və saxta profillər

Rəqəmsal platformalarda digər mühüm məsələ şəxsi məlumatların qorunmasıdır.

“Hüquqi-Sosial Yardım və Maarifləndirmə” İctimai Birliyinin sədri Fariz Əkbərovun sözlərinə görə, informasiya texnologiyalarının sürətli inkişafı fərdi məlumatların kütləvi şəkildə toplanması və istifadəsi məsələsini daha da aktuallaşdırıb.

Onun fikrincə, rəqəmsal mühitdə etik davranış yalnız nəzakət qaydalarına əməl etməkdən ibarət deyil. Burada dürüstlük, vicdanlılıq, məsuliyyət, digər şəxslərin hüquqlarına hörmət və ədalətli davranış əsas prinsiplər kimi çıxış edir.

Fariz Əkbərov sosial şəbəkələrdə təhqir, böhtan və şəxsin şərəf və ləyaqətinin alçaldılması hallarının da ciddi problem olaraq qaldığını bildirib.

O, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə diqqət çəkərək qeyd edib ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ var. Qanunvericilikdə şəxsin razılığı olmadan onun şəxsi həyatı haqqında məlumatların toplanmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmədiyi təsbit olunub.

Ekspertin sözlərinə görə, sosial şəbəkələrdə saxta ad və soyadlardan istifadə etməklə saxta profillər yaradılır və bu hesablar müxtəlif məqsədlərlə istifadə oluna bilər.

Saxta hesablarla təhqir və böhtana görə məsuliyyət

Azərbaycan qanunvericiliyində internet məkanında saxta profillərdən istifadə etməklə təhqir və böhtan yayılmasına görə məsuliyyət də nəzərdə tutulur.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə etməklə kütləvi nümayiş etdirilən formada böhtan atma və ya təhqir etmə cinayət məsuliyyətinə səbəb ola bilər.

Qanunvericiliyə əsasən, belə əməllərə görə min manatdan iki min manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlər, iki ilədək islah işləri və ya bir ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Cinayət Məcəlləsində təhqir şəxsin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılması, böhtan isə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan, yalan olduğunu bilə-bilə məlumatların yayılması kimi müəyyən edilir.

Bununla yanaşı, şəxsin saxta profildən istifadə etmədən internet informasiya ehtiyatında kütləvi şəkildə təhqir edilməsi və ya böhtana məruz qoyulması da qanunvericiliklə müəyyən edilmiş hallarda Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə məsuliyyət yarada bilər.

Söz azadlığı ilə məsuliyyət arasında balans

Beləliklə, rəqəmsal dövrdə əsas məsələ söz azadlığının qorunması ilə yanaşı, bu azadlığın digər şəxslərin hüquqlarını pozmadan həyata keçirilməsidir. Sosial şəbəkələrdə hər bir istifadəçinin informasiya yaymaq imkanının olması həm böyük üstünlük, həm də məsuliyyət yaradır.

Rəqəmsal platformalarda hüquqi tənzimləmənin sərtləşdirilməsi söz azadlığının məhdudlaşdırılması və senzura riskini də gündəmə gətirə bilər. Digər tərəfdən, heç bir nəzarət mexanizminin olmaması dezinformasiya, təhqir, böhtan, kibercinayətkarlıq və şəxsi məlumatların pozulması kimi halların genişlənməsinə şərait yarada bilər.

Bu baxımdan əsas məqsəd rəqəmsal məkanda söz azadlığını qorumaqla yanaşı, istifadəçilərin hüquqi və etik məsuliyyətini də təmin edən balanslı mexanizmlərin formalaşdırılmasıdır. Bunun üçün hüquqi çərçivələrin təkmilləşdirilməsi ilə yanaşı, media və rəqəmsal savadlılığın artırılması, platformaların şəffaf moderasiya siyasəti yürütməsi və peşəkar jurnalistikanın etibarlı informasiya mənbəyi kimi rolunun qorunması mühüm əhəmiyyət daşıyır.

Kibertəhlükəsizlik üzrə ekspert Elvin Abbasovun sözlərinə görə, sosial şəbəkələrdə saxta hesabların, otomatlaşdırılmış botların və süni intellekt əsaslı deepfake (saxta video və səs) texnologiyalarının sürətlə kütləviləşməsi cəmiyyətdə informasiya manipulyasiyası riskini misli görünməmiş dərəcədə artırır:

“Əvvəllər dezinformasiya yaymaq üçün böyük resurslar tələb olunurdusa, bu gün generasiyaedici süni intellekt alətləri vasitəsilə saniyələr ərzində real insandan fərqlənməyən vizual və səs kontentləri yaratmaq mümkündür. Bu hal kütləvi psixoloji təsirə, ictimai rəyin saxtalaşdırılmasına, dövlət strukturlarına və mediaya olan etimadın sarsılmasına, hətta maliyyə dələduzluğu və rəqəmsal sabitliyin pozulmasına gətirib çıxarır. Xüsusilə tanınmış şəxslərin və ya rəsmi qurumların adından hazırlanan saxta video müraciətlər vətəndaşları kütləvi şəkildə aldatmaq üçün təhlükəli silaha çevrilmişdir.

Vətəndaşların sosial mediada şəxsi məlumatlarının kiberdələduzlar tərəfindən fırıldaqçılıq və ya kimlik oğurluğu üçün istifadə olunmaması üçün isə fərdi rəqəmsal gigiyena qaydalarına ciddi riayət edilməlidir. İlk növbədə, bütün sosial şəbəkə və e-poçt hesablarında ikifaktorlu doğrulama (2FA) funksiyası qoşulmalı, profillərin məxfilik tənzimləmələri yalnız tanıdığınız şəxslər üçün açıq saxlanılmalıdır. Sosial şəbəkələrdə doğum tarixi, telefon nömrəsi, şəxsiyyət vəsiqəsinin fotosu və ya ünvan kimi konfidentsial məlumatların kütləvi paylaşılmasından (oversharing) çəkinmək lazımdır, çünki dələduzlar bu məlumatları toplayaraq (OSINT) adınızdan istifadə edə bilirlər. Eyni zamanda, hətta tanıdığınız hesablar tərəfindən göndərilsə belə, şübhəli keçidlərə (linklərə) daxil olmamaq və süni intellektlə səs/video kopyalanması riskinə karşı sosial mediada uşaqların və ailə üzvlərinin açıq biometrik kontentlərini paylaşarkən ehtiyatlı olmaq mütləqdir”.


Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqaməti üzrə hazırlanıb.



Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər