Uşaq tərbiyəsində sərhəd və azadlıq balansı necə qurulmalıdır? – Psixoloq danışır
Müasir dünyada uşaq tərbiyəsi və gənclərin emosional dünyası valideynlər üçün ən çox düşünülən və mübahisə doğuran mövzulardan birinə çevrilib.
Operativ Media uşaqlara məsuliyyət hissinin aşılanması, maliyyə savadlılığının təməlləri, valideyn-uşaq münasibətlərindəki incə sərhədlər və müasir gənclərin virtual aləmdə yaşadığı tənhalıq kimi mühüm məsələləri psixoloq Leyla Əli ilə ətraflı müzakirə edib.
- Uşaq nə vaxt məsuliyyət daşımağı öyrənməlidir? Ev işlərində uşağa hansı yaşdan etibarən öhdəlik vermək doğrudur?
- Məsuliyyət uşağa birdən-birə öyrədilən bir bacarıq deyil, kiçik yaşlardan formalaşan vərdişdir. Uşağın yaşına uyğun olaraq oyuncaqlarını toplaması, şəxsi əşyalarını səliqəyə salması, süfrəyə kömək etməsi kimi kiçik tapşırıqlar onun məsuliyyət hissini inkişaf etdirir. Burada əsas məqsəd uşağı yükləmək deyil, ona mən də ailənin bir üzvüyəm və mənim də üzərimə düşən vəzifələr var hissini qazandırmaqdır.
- Bəs uşaqlara pul vermək tərbiyə vasitəsidir, yoxsa risk? Maliyyə savadlılığı neçə yaşdan başlamalıdır?
- Maliyyə savadlılığının erkən yaşda başlaması faydalıdır. Uşaq pulun məhdud resurs olduğunu, hər istədiyini dərhal əldə etməyin mümkün olmadığını öyrənməlidir. Məsələn, müəyyən yaşdan sonra kiçik cib xərcliyi vermək və onun necə istifadə olunmasını uşağa həvalə etmək məsuliyyət hissini gücləndirə bilər. Əsas məsələ pulun mükafat və ya cəza vasitəsinə çevrilməməsidir.
- Valideynlər arasında "Uşaqdır, başa düşmür" yanaşmasına tez-tez rast gəlirik. Bu yanaşma nə qədər doğrudur?
- Uşağın başa düşməməsi ilə bizim ona izah etməməyimiz eyni şey deyil. Uşaqlar düşündüyümüzdən daha çox şeyi hiss edir və müşahidə edirlər. Valideynin gərginliyi, ailədəki konfliktlər, ona qarşı münasibət uşağın emosional dünyasına təsir edir. Əlbəttə, hər məsələ uşağın yaşına uyğun dildə izah edilməlidir. Amma uşağı tamamilə prosesdən kənarda saxlamaq düzgün yanaşma deyil.
- Uşağın fikrini hər məsələdə nəzərə almaq doğrudurmu? Sərhəd və azadlıq arasında balans necə qurulmalıdır?
- Uşağın fikrini dinləmək onun hər istəyini yerinə yetirmək demək deyil. Uşaq fikrinin dəyərli olduğunu hiss etməlidir, amma qərar verən şəxsin valideyn olduğunu da bilməlidir. Məsələn, "Bu gün nə geyinmək istəyirsən?" kimi seçimlərdə uşağa azadlıq vermək olar, amma yatmaq saatı, təhlükəsizlik qaydaları və digər əsas sərhədlərdə valideyn məsuliyyəti öz üzərinə götürməlidir. Sağlam tərbiyə nə həddindən artıq nəzarət, nə də tam sərbəstlikdir.
- Müasir dövrdə gənclər arasında maraqlı bir paradoks var: minlərlə virtual dost, amma real həyatda tənhalıq. Siz bunu necə izah edərdiniz?
- Virtual ünsiyyət insanın sosial ehtiyaclarını müəyyən qədər qarşılasa da, real münasibətlərin yerini tam doldurmur. Sosial şəbəkələrdə çoxlu izləyicinin və dostun olması insanın emosional olaraq yaxın münasibətlərinin olduğu anlamına gəlmir. Gənc insan özünü başa düşülməmiş, eşidilməmiş və tək hiss edə bilər. Xüsusilə real ünsiyyət, ailə münasibətləri və sosial fəaliyyət azaldıqca bu tənhalıq daha da dərinləşə bilər.
- Bəs valideynlər bu vəziyyətin qarşısını almaq üçün nə edə bilərlər?
- İlk növbədə uşağın və ya yeniyetmənin yalnız davranışına deyil, emosional ehtiyaclarına da diqqət yetirmək lazımdır. "Telefonu kənara qoy" deməkdənsə, onunla real ünsiyyət qurmaq, birlikdə vaxt keçirmək və onu mühakimə etmədən dinləmək daha təsirlidir. Çünki bəzən uşağın ekrana bağlılığının arxasında sadəcə texnologiyaya maraq deyil, real həyatda qarşılanmayan emosional ehtiyac dayanır.
