Azad edilmiş ərazilərdə torpaqların icarəsi üzrə 4-cü investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları”na uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi prosesi davam etdirilir.
Operativ Media xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
2026-cı il 26 may tarixində işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan edilib, 2026-cı il 10 iyul tarixində sənəd qəbulu başa çatıb. Ümumilikdə müsabiqədə iştirak üçün 98 subyekt müraciət edib.
4-cü investisiya müsabiqəsi ilə bağlı 2026-cı il 7 avqust tarixində investisiya komissiyasının iclası keçirilib, müsabiqənin iştirakçıları və qalibləri müəyyən edilib. Müsabiqə iştirakçısı hesab edilən sahibkarlıq subyektləri sms vasitəsilə məlumatlandırılıb və qalib elan edilmiş sahibkarlıq subyektlərinin məlumatlandırılması prosesi mərhələli şəkildə davam etdirilir.