Azərbaycan fındığının Çin bazarına ixracı üçün ilk rəsmi qeydiyyat əldə olunub
Azərbaycan fındığının Çin Xalq Respublikasına (ÇXR) ixracının genişləndirilməsi istiqamətində növbəti mühüm nəticə əldə olunub.
Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə ÇXR-in Baş Gömrük Administrasiyası (GACC) arasında fındıq və badamın ixracına dair Protokol layihəsinin imzalanmasından sonra Çin tərəfinin müəyyən etdiyi tələblərin yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilib.
Belə ki, Çin tərəfinin təqdim etdiyi yoxlama siyahısı əsasında AQTA tərəfindən fındıq istehsalı və emalı müəssisəsində müvafiq yoxlama aparılıb. Yoxlamanın nəticələri qiymətləndirildikdən sonra Agentliyin tövsiyə məktubu hazırlanaraq Çinin Baş Gömrük Administrasiyasına təqdim edilib.
Görülən tədbirlər nəticəsində Azərbaycanda fındıq istehsalı və emalı ilə məşğul olan “AGRARCO” MMC-nin qabığı təmizlənmiş fındıq (fındıq ləpəsi) məhsulunun Çin Xalq Respublikasına ixracı ilə bağlı məlumatları GACC-nin CIFER (China Import Food Enterprise Registration) sistemində təsdiqlənib.
Beləliklə, “AGRARCO” MMC qabığı təmizlənmiş fındığın Çin bazarına ixracı üçün CIFER sistemində rəsmi qeydiyyata alınan ilk Azərbaycan müəssisəsi olub.
Bu nəticə Azərbaycan fındığının Çin bazarına çıxış imkanlarının genişləndirilməsi, yerli istehsalçıların ixrac imkanlarının artırılması və ölkənin fındıq ixrac coğrafiyasının genişləndirilməsi baxımından mühüm addımdır.