Qarayara nədir və necə yayılır?
Qarayara və ya Sibir xorası (anthrax) həm heyvanlarda, həm də insanlarda rast gəlinən təhlükəli infeksion xəstəlikdir. Xəstəliyin törədicisi Bacillus anthracis bakteriyasıdır. İnfeksiya əsasən xəstə və ya yoluxmuş heyvanla təmas, onun əti, dərisi və digər toxumaları vasitəsilə insana keçə bilər.
Bu sözləri Operativ Media-ya açıqlamasında professor Adil Qeybulla deyib.
O bildirib ki, xəstəliyin əsas xüsusiyyətlərindən biri törədicinin spor əmələ gətirməsidir:
"Bu sporlar torpaqda uzun müddət, hətta illərlə qala və əlverişli şərait yarandıqda yenidən aktivləşə bilər. Bu səbəbdən qara yara heyvanlar arasında, o cümlədən bəzi vəhşi heyvan populyasiyalarında da yayıla bilər.
İnsanda xəstəliyin ən çox rast gəlinən forması dəri qarayarasıdır. Yoluxma yerində əvvəlcə qaşınan kiçik ləkə və ya qabarcıq, daha sonra şişkinlik yaranır. Zaman keçdikcə yaranın mərkəzində xarakterik qara rəngli nekrotik sahə formalaşır. Bu əlamət xəstəliyin ən səciyyəvi göstəricilərindən biridir.
Qarayaranın digər formaları da mövcuddur. Tənəffüs yolu ilə yoluxma zamanı hərarət, halsızlıq, öskürək, sinə ağrısı və tənəffüs çətinliyi yarana bilər. Mədə-bağırsaq formasında isə güclü qarın ağrısı, qusma, bəzən qanlı qusma və qanlı ishal müşahidə oluna bilər. Xəstəlik ağırlaşdıqda sepsis və şok inkişaf edə, həyat üçün ciddi təhlükə yarana bilər.
Xüsusilə mərkəzində qara qabıq və ya nekrotik sahə olan yara, səbəbsiz yüksək hərarət və xəstə heyvanla təmas tarixçəsi varsa, vaxt itirmədən həkimə müraciət etmək vacibdir.
Qarayaranın müalicəsində antibiotiklərdən istifadə olunur. Müalicənin effektivliyi xəstəliyin formasından və müalicəyə nə qədər erkən başlanmasından əhəmiyyətli dərəcədə asılıdır. Bəzi risk qrupları üçün peyvənd də mövcuddur.
Xəstəliyin qarşısının alınmasında isə əsas tədbirlərdən biri xəstə və ya qəfil ölmüş heyvanlarla təmasdan çəkinmək, onların ətini istifadə etməmək və baytarlıq-karantin qaydalarına ciddi əməl etməkdir. Qarayara şübhəsi olan heyvanların kəsilməsi və ətinin satışa çıxarılması həm digər heyvanlar, həm də insanlar üçün ciddi epidemioloji təhlükə yarada bilər”.