Yaponiyada leysan yağışları nəticəsində ölənləri sayı artıb - YENİLƏNİB
Yaponiyanın Tiba prefekturasında baş verən şiddətli leysan yağışları nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb.
Operativ Media TASS-a istinadən xəbər verir ki, qurbanların siyahısına evində dəm qazından zəhərlənərək vəfat edən gənc kişi də əlavə olunub.
O, leysanlar səbəbindən elektrik enerjisinin kəsilməsinə görə, həddindən artıq isti hava şəraitində kondisioneri söndürməmək üçün işlək generatorun yanında yatmağa məcbur olub.
Eyni zamanda, həlak olanların böyük bir hissəsi leysan zamanı su altında qalmış və bloklanmış avtomobillərində boğulan şəxslərdir. Hazırda Böyük Tokio zonasına daxil olan Tiba prefekturasının yollarında xarab olmuş və sahibləri tərəfindən tərk edilmiş 1 200-dən çox avtomobil qalmaqdadır.
13:45
Yaponiyanın Tiba prefekturasında güclü leysan yağışları və daşqın doqquz nəfərin ölümünə səbəb olub, bir nəfər isə itkin düşüb.
Operativ Media "NHK One"a istinadən xəbər verir ki, daşqın 1256 binaya, 1200 avtomobilə ziyan vurub, bir sıra yollar dağılıb, elektrik və su təchizatında fasilələr, həmçinin qatarların hərəkətində gecikmələr yaranıb.
Qeyd olunub ki, əlverişsiz hava şəraiti regionun 22 şəhər və qəsəbəsinə təsir edib. Meteoroloqların məlumatına görə, Çiba şəhərinə yarım gün ərzində bütün avqust ayı üçün orta hesabla düşən yağıntıdan təxminən üç dəfə çox yağıntı düşüb.
Avqustun 16-sı səhər saatlarınadək 100-dən çox insan müvəqqəti yaşayış mərkəzlərinə təxliyə edilib, daşqının fəsadlarından 600-ə yaxın insan zərər çəkib.
Yaponiya Meteorologiya Agentliyi leysan yağışlarının gecə ərzində davam edəcəyi və torpaq sürüşməsi riski barədə xəbərdarlıq edib.
Xatırladaq ki, avqustun 13-də güclü yağışlar səbəbindən Yaponiyanın Tiba prefekturasının 18 şəhərində fövqəladə təhlükəsizlik tədbirləri tətbiq edilmişdi.