HƏMAS İsrailə təzyiq göstərilməsi üçün vasitəçilərə çağırış edib
Radikal Fələstin hərəkatı HƏMAS vasitəçiləri və Sülh Şurasını İsrailin Qəzza zolağında atəşkəs razılaşmasına əməl etməsi və sülh planının növbəti mərhələsinə keçidi təsdiqləməsi üçün təzyiq göstərməyə çağırıb.
Operativ Media xəbər verir ki, Misirin Əl-Ələmeyn şəhərində baş tutan danışıqların yekununda hərəkatın Telegram kanalında yayımlanan açıqlamada vasitəçilərdən İsraili öhdəliklərini yerinə yetirməyə məcbur etmək tələb olunub. Təşkilat təqdim edilən yol xəritəsini dəstəklədiklərini bir daha təsdiqləsələr də, sənədin detallarını açıqlamayıblar.
"Al Arabiya" telekanalının mənbələrinin məlumatına görə, görüşlər zamanı HƏMAS ABŞ prezidentinin kürəkəni Cared Kuşnerlə müzakirələrdə hərəkat tərəfdarlarının silahlarının Qəzzada saxlanılmasına nail olmağa çalışıb. Lakin Vaşinqton silahların anklavın xaricinə çıxarılmasında israrlıdır.
Əl-Ələmeyndəki toplantılarda ABŞ, Misir, Qətər və Türkiyə nümayəndələri, eləcə də Sülh Şurasının Qəzza üzrə ali nümayəndəsi Nikolay Mladenov iştirak ediblər.
Xatırladaq ki, 2025-ci ilin oktyabr ayında Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasına dair razılıq əldə olunub. Üç mərhələdən ibarət olan təşəbbüs döyüşlərin dayandırılması, saxlanılan şəxslərin azad edilməsi və israilli hərbçilərin qismən geri çəkilməsini nəzərdə tuturdu. Prosesin növbəti mərhələləri münaqişənin tam başa çatdırılması və anklavın bərpasını ehtiva etsə də, tərəflər h hələlik sazişin ikinci mərhələsinə keçə bilməyiblər.