Rusiya səfirinə etiraz: Bakının prinsipial mövqeyi - RƏY
Xarici İşlər Nazirliyinin Rusiya Federasiyasının Azərbaycandakı səfirini XİN-ə çağıraraq ona rəsmi etiraz bildirməsi, Moskva 24 telekanalında səslənən təxribatçı çağırışlara qarşı Bakının diplomatik müstəvidə atdığı ən qətiyyətli və prinsipial addımdır. Bu diplomatik demarş yalnız müəyyən şəxslərin çıxışlarına reaksiya vermək deyil, eyni zamanda ikitərəfli münasibətlərin gələcək çərçivəsini müəyyən edən strateji bir mesaj xarakteri daşıyır.
Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Kamran Bayramov deyib.
O bildirib ki, Rəsmi Bakı səfirin XİN-ə çağırılması ilə Moskvaya açıq şəkildə bildirir ki, Rusiya mediasında və xüsusən də rəsmi dövlət strukturlarında təmsil olunan şəxslərin dili ilə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı hərbi müdaxilə, separatizm və desant əməliyyatları kimi ssenarilərin səsləndirilməsi artıq media azadlığı və ya “özəl ekspert rəyi” çərçivəsini aşıb:
"Dövlət məmurunun da yer aldığı bu cür açıq təhdidlərin cavabsız qalması müttəfiqlik münasibətlərinin ruhi ilə kökündən ziddiyyət təşkil edir. Səfirin XİN-ə dəvət olunması rəsmi Moskvanın diqqətinə çatdırır ki, Azərbaycan öz təhlükəsizliyinə və dövlət müstəqilliyinə yönəlmiş heç bir hibrid təzyiq və ya şantaj cəhdini cavabsız qoymayacaq.
Diplomatik kanallarla tənzimləmə baxımından bu addım həm də Rusiyanın rəsmi mövqeyini dəqiqləşdirmək üçün bir sınaq xarakteri daşıyır. Bakı bu addımla Kremlin qarşısında konkret şərtlər qoyur: Rusiya tərəfi ya bu cür təxribatçı çağırışların onun rəsmi dövlət siyasətini əks etdirmədiyini nümayiş etdirməli, suveren dövləti hədələyən rəsmi şəxsini və media nümayəndələrini hüquqi, inzibati məsuliyyətə cəlb etməli, ya da bu sükutla təhdidlərin arxasında müəyyən rəsmi dairələrin durduğunu dolayısı ilə qəbul etməlidir.
Baş Prokurorluğun həmin şəxslər barəsində cinayət işi açması və XİN-in rəsmi səfiri dəvət edərək etirazını bildirməsi bir-birini tamamlayan addımlardır. Bu hüquqi-diplomatik mexanizm göstərir ki, Azərbaycan münasibətlərin korlanmasında maraqlı olmasa da, öz suverenliyini və milli maraqlarını hər şeydən üstün tutur. Səfirin çağırılması rəsmi Bakının məsələni diplomatik dialoq çərçivəsində, lakin son dərəcə sərt və prinsipial şəkildə həll etmək iradəsini, eləcə də Moskvanı iki ölkə arasında imzalanmış bəyannamələrə və beynəlxalq hüquq normalarına riayət etməyə dəvət etdiyini nümayiş etdirir”.
dəqiqələr içində saytın olsun.