İstehlakçı mağazada nələrə diqqət etməlidir?
Son dövrlərdə istehlakçıların qarşılaşdığı əsas problemlərdən biri mağazalarda məhsulların düzgün saxlanma şəraitinin təmin edilməməsi və keyfiyyətsiz məhsulların satışa çıxarılmasıdır. Xüsusilə isti hava şəraitində temperatur rejiminə əməl olunmaması tez xarab olan qida məhsullarının keyfiyyətinə ciddi təsir göstərə bilər. Bəs istehlakçı mağazada hansı məqamlara diqqət etməli, məhsulun keyfiyyətini və saxlanma şəraitini necə yoxlamalıdır?
Mövzu ilə bağlı Operativ Media-ya Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov danışıb.
O bildirib ki, istehlakçı mağazaya daxil olarkən ilk növbədə oradakı temperatur rejiminə diqqət yetirməlidir. Məhsulun üzərində onun hansı temperaturda saxlanmalı olduğu qeyd olunur. Əgər mağazadakı temperaturun məhsulun saxlanma tələbinə uyğun olmadığını hiss edərsə, bu, şübhə doğuran məqam ola bilər:
“İkinci vacib məsələ məhsulun qablaşdırılmasıdır. Xüsusilə konservləşdirilmiş və qablaşdırılmış məhsullarda qapağın şişməsi, yuxarı qalxması və ya qablaşdırmada hər hansı deformasiyanın olması məhsulun xarab olmasına işarə edə bilər.
Bundan əlavə, istehlakçı məhsulun etiket məlumatlarına diqqət yetirməlidir. Ştrix-kodu xüsusi proqramlar vasitəsilə yoxlamaqla məhsulun istehsalçısı və mənşəyi barədə məlumatların etiketdə göstərilən məlumatlarla uyğunluğunu müəyyən etmək mümkündür.
Məhsulun istehsal və son istifadə tarixləri də mütləq yoxlanılmalıdır. Eyni zamanda, xüsusilə tez xarab olan məhsulların hansı temperatur rejimində saxlanıldığına diqqət yetirilməlidir.
Xarici məhsullarda isə etiket məlumatlarının Azərbaycan dilində təqdim olunmasına diqqət etmək vacibdir. İstehlakçı məhsulun üzərindəki məlumatları diqqətlə oxumalı, məhsulun tərkibi, istehsalçısı, saxlanma şəraiti və yararlılıq müddəti barədə məlumatları yoxlamalıdır. Bu kimi məqamlara diqqət yetirməklə istehlakçı keyfiyyətsiz və ya təhlükəli məhsul almaq riskini azalda bilər”.
dəqiqələr içində saytın olsun.
