Bakıda 174 ət mağazasında qayda pozuntusu aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) antisanitar şəraitdə, küçə və yol kənarlarında, eləcə də kəsim üçün nəzərdə tutulmayan yerlərdə qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Cari il ərzində AQTA tərəfindən Daxili İşlər Nazirliyinin və rayon icra hakimiyyətlərinin əməkdaşları ilə birgə Bakı şəhərində keçirilən reydlər zamanı ümumilikdə 250 ət satışı mağazasında nəzarət tədbiri aparılıb. Yoxlamalar zamanı 174 mağazada sanitar-gigiyenik norma və qaydalara əməl olunmadığı, qanunsuz heyvan kəsiminin həyata keçirildiyi, eləcə də baytarlıq sənədləri olmayan ətlərin satışı müəyyən olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı mağaza sahibləri barəsində inzibati protokollar tərtib edilib. Həmçinin 47 mağazada heyvan kəsimi üçün nəzərdə tutulmuş qanunsuz qurğular sökülüb.
Qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaq, heyvan kəsimini mərkəzləşdirilmiş və müasir kəsim məntəqələrində həyata keçirmək barədə icrası məcburi göstərişlər verilib.
dəqiqələr içində saytın olsun.