Menyu

Valideyn uşağı məktəbə necə hazırlamalıdır? - Psixoloq danışır

Ayşən Sadıxzadə
Valideyn uşağı məktəbə necə hazırlamalıdır? - Psixoloq danışır

Uşağı məktəbə hazırlamaq, əslində, uşağın müəyyən mənada ədəb-ərkan və tərbiyəsini formalaşdırmaq deməkdir.

Bu sözləri Operativ Media-ya psixoloq Aytən Ələkbərova deyib. 

O bildirib ki, ilk olaraq uşağın 3-6 yaş dövründə, yəni bağça dövründən başlayaraq ona məktəbin təhlükəsiz, maraqlı və müsbət tərəflərini göstərmək lazımdır. İkinci tərəfdən isə artıq məktəbə hazırlıq mərhələsində uşağa anlatmaq lazımdır ki, sən bir az da böyümüsən, fikirlərini daha qəti şəkildə ifadə edə bilərsən və cəmiyyət üçün daha yararlı ola bilərsən. Bütün bunların hər biri uşağın anlayacağı dildə izah edilməlidir:

“Çünki bəzən baxırsınız ki, məktəbi uşağa o qədər qorxulu formada təqdim edirlər ki, “məktəbdə qalacaqsan”, “səni orada qorxudacaqlar” kimi fikirlər səsləndirilir. Bu cür yanaşmalar uşaqlarda məktəbə qarşı qorxu yarada bilər. Bəzən də böyüklər öz aralarında “Ay Allah, günüm-günümə düşməyəcək, səhərdən axşama qədər dərs başlayacaq” kimi ifadələr işlədirlər. Halbuki bizim uşaqlar etdiklərimizə, dediklərimizə və danışdıqlarımıza çox diqqət yetirirlər. Biz danışığımızla onlara nələri ötürürük, ilk qorxunu necə yaradırıq – bunlar çox önəmlidir.

Ona görə də uşağa məktəbi aldatmadan, olduğu kimi anlatmaq lazımdır. Demək lazımdır ki, məktəb oyun deyil, bağçadakı kimi oyunlar yoxdur, müəllimə qulaq asmalısan. Amma bununla yanaşı, uşağa məktəbin müsbət tərəflərini də göstərmək lazımdır. Məsələn, “Məktəbdə yeni dostların olacaq, çox gözəl şeylər öyrənəcəksən, yeni biliklər əldə edəcəksən və öyrəndiklərinlə sən də cəmiyyət üçün faydalı olacaqsan” kimi fikirlər uşağın anlayacağı dildə izah edilməlidir.

Biz təhsilə, məktəbə və imtahanlara qarşı uşaqda müəyyən yüngül həyəcanların olmasını normal qəbul etməliyik. Amma uşağı bir ömür boyu təhsil və məktəb qorxusu içərisində yaşatmaq olmaz.

Məsələn, valideynin uşaqdan ayrılmaqda çətinlik çəkdiyi hallar olur. Çoxlu valideynlər mənə müraciət edirlər ki, “Uşağı məktəbə necə hazırlayım? Çünki bir an belə tək qalmaq istəmir”. Bu halda mütləq şəkildə uşağa verdiyimiz sözün üzərində dayanmalıyıq. Uşağı məktəbə apararkən ona demişiksə ki, “Səni məktəbə aparacağam, sonra geri qayıdacağam”, mütləq geri qayıtmalıyıq. Uşaq bilməlidir ki, anası onu məktəbə qoyacaq və sonra geri götürəcək.

Bunun ən gözəl və ən asan üsullarından biri də gündəlik həyatdan nümunə göstərməkdir. Məsələn, “Mən işə gedirəm, sonra işdən evə qayıdıram. Sən də məktəbə gedəcəksən, sonra məktəbdən evə gələcəksən” demək olar.

Uşaqların eyni zamanda çoxlu sualları olur: “Mən hansı məktəbdə oxuyacağam?”, “Harada oturacağam?”, “Bu sinif necə olacaq?” və s. Mütləq şəkildə uşaq əvvəlcədən ibtidai sinif müəllimini və sinfini tanımalıdır.

Uşaq sinfi tanıdıqdan sonra eyni zamanda ibtidai sinif müəllimləri uşaqların yerlərini ilk gündən etibarən dəyişməlidirlər. Yəni hansısa uşaq həmişə ön sırada, digəri isə arxa sırada oturmamalıdır. Çünki belə yanaşma uşaqlarda “Mən arxada otururam, deməli, oxumayan pis uşaqam” kimi fikirlərin formalaşmasına səbəb ola bilər. Bu cür düşüncələrin qarşısını almaq müəllimin üzərinə düşən əsas vəzifələrdən biridir.

Sinifdə müəllimin psixoloji yanaşması çox önəmlidir. Valideyn, müəllim və uşaq arasında düzgün üçbucaq qurularsa, bu sütun daha möhkəm olacaq.

Ona görə də çox gözəl olar ki, biz hər zaman vurğuladığımız kimi, rol oyunlarının uşaqların inkişafına böyük təsir etdiyini nəzərə alaq. Elə kiçik yaşlardan məktəb oyunları oynamaqla uşağı məktəbə çox gözəl şəkildə adaptasiya etmək mümkündür”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər