Quba və Şabran ərazisində ayı göründü - VİDEO
Quba və Şabran rayonlarında meşə ətrafında yerləşən kəndlərin sakinləri ayıların yaşayış məntəqələrinə və təsərrüfatlara yaxınlaşmasından narahatdırlar.
Operativ Media "ATV xəbər"ə istinadən xəbər verir ki, son günlər ayıların Küpçal, Qələdüz və Üçgün kəndlərində həyətyanı sahələrə və kənd təsərrüfatına ziyan vurduğu bildirilir.
Sakinlərin sözlərinə görə, ayılar fındıq və meyvə ağaclarını sındırır, məhsulları məhv edir, bəzi hallarda isə mal-qaraya hücum edirlər. Küpçal kənd sakini Namiz Yarəliyev ayıların təsərrüfatına təxminən 2-3 min manat ziyan vurduğunu bildirib.
Sakinlər xüsusilə uşaqların təhlükəsizliyindən narahat olduqlarını və ayıların evlərə qədər yaxınlaşdığını deyirlər.
Mütəxəssislərin sözlərinə görə, ayıların yaşayış məntəqələrinə yaxınlaşmasının əsas səbəblərindən biri kəndlərin meşə və dağlıq ərazilərlə sərhəddə yerləşməsidir. Vətəndaşlara meşə ətrafında ehtiyatlı olmaq, mal-qaranı nəzarətsiz buraxmamaq və ayı ilə qarşılaşdıqda dərhal aidiyyəti qurumlara məlumat vermək tövsiyə olunur.
Qeyd edək ki, ayılar Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilən nadir və qorunan heyvan növüdür. Bu səbəbdən onların ovlanmasına icazə verilmir. Ayıların yaşayış məntəqələrindən uzaqlaşdırılması üçün xüsusi səs gücləndirici vasitələrdən istifadə edilməsi tövsiyə olunur.
Ətraflı videoda:
dəqiqələr içində saytın olsun.