Dövlət bağçasında yer tapmaq niyə çətindir?
Övladını dövlət bağçasına yerləşdirmək istəyən valideynlərin qarşılaşdığı əsas problemlərdən biri boş yer tapmaqdır. Xüsusilə Bakı və əhalinin sıx məskunlaşdığı digər ərazilərdə bağçalara tələbat mövcud imkanları üstələyir. Valideynlərin müəyyən bağçalara üstünlük verməsi, yeni yaşayış massivlərində uşaq sayının artması və məktəbəqədər təhsil müəssisələrinin sayının tələbatla ayaqlaşmaması problemi daha da aktuallaşdırır. Bəs dövlət bağçalarında yer çatışmazlığının əsas səbəbləri nələrdir və problemin həlli üçün hansı addımlar atılmalıdır?
Bu sözləri Operativ Media-ya təhsil eksperti Ramin Nurəliyev danışıb.
O bildirib ki, valideynlərin qarşılaşdığı əsas problemlərdən biri məhz budur. Bunun əsas səbəblərindən biri məktəbəqədər yaşda olan uşaqların sayı ilə ölkədə fəaliyyət göstərən bağçaların tutumu arasında ciddi fərqin olmasıdır:
“Xüsusilə əhalinin sıx məskunlaşdığı ərazilərdə, o cümlədən Bakının bəzi rayonlarında bu rəqabət daha qabarıq şəkildə özünü göstərir. Valideynlərin övladlarını daha yaxşı və prestijli hesab etdikləri bağçalara yerləşdirmək istəyi həmin müəssisələrdə yerlərin qısa müddətdə dolmasına səbəb olur.
Bəzi ərazilərdə bağçaların ətrafında çoxsaylı yaşayış binalarının, xüsusilə də yeni çoxmərtəbəli binaların yerləşməsi həmin müəssisələrə tələbatı daha da artırır. Nəticədə valideynlərin bir qismi vaxtında müraciət edə bilmədikdə və ya müraciətləri müsbət nəticələnmədikdə narazılıq yaranır.
Elm və Təhsil Nazirliyinin açıqlamalarına əsasən, hazırda məktəbəqədər yaşda olan uşaqların 50 faizdən çoxunun məktəbəqədər təhsil müəssisələri ilə əhatə olunması təmin edilib. Qarşıdakı dövrdə bu göstəricinin 70 faizə çatdırılması planlaşdırılır.
Burada nəzərə alınmalı məqamlardan biri də məktəbəqədər təhsilin icbari xarakter daşımamasıdır. Xüsusilə regionlarda məktəbəqədər təhsilə cəlbetmə səviyyəsi paytaxtla müqayisədə daha aşağıdır. Bakı kimi böyük şəhərlərdə isə valideynlərin həm əmək bazarında aktiv olması, həm də uşaqlarının gələcək inkişafını nəzərə alması bağçalara tələbatı artırır.
Digər tərəfdən, dövlət-özəl-valideyn əməkdaşlığı mexanizminin tətbiqi də məktəbəqədər təhsil sahəsində vəziyyətə müəyyən təsir göstərə bilər. Bu mexanizm çərçivəsində dövlət tərəfindən özəl bağçalara maliyyə dəstəyinin göstərilməsi valideynlərin özəl müəssisələrə çıxış imkanlarını genişləndirə bilər.
Layihəyə qoşulan özəl bağçaların müəyyən edilmiş qaydalara əməl etməsi tələb olunur. Dövlət tərəfindən ödənişin müəyyən hissəsinin qarşılanması isə valideynlərin üzərinə düşən maliyyə yükünün azalmasına imkan yarada bilər. Eyni zamanda bu mexanizmin özəl bağça bazarında qiymətlərin müəyyən qədər tənzimlənməsinə və müəssisələr arasında rəqabətin artmasına təsir göstərəcəyi gözlənilir.
Özəl bağçaların daha əlçatan olması dövlət bağçalarına olan tələbatın müəyyən qədər azalmasına da səbəb ola bilər. Bu isə dövlət bağçalarında mövcud sıxlığın aradan qaldırılmasına müəyyən töhfə verə bilər.
Bununla yanaşı, dövlət bağçalarının sayının artırılması da əsas məsələlərdən biridir. Paytaxtın İçərişəhər, Nərimanov, Yasamal, Nizami və digər köhnə yaşayış məskənlərində yeni məktəbəqədər təhsil müəssisələrinin yaradılması infrastruktur baxımından daha çətin ola bilər. Çünki bəzi ərazilərdə yeni inzibati binaların tikilməsi üçün uyğun torpaq sahələrinin tapılması problem yaradır.
Yeni yaşayış massivlərində isə bu imkanlar daha genişdir və burada məktəbəqədər təhsil müəssisələrinin yaradılması daha realdır.
Ümumilikdə, dövlət bağçalarında yer probleminin tam həlli üçün yalnız mövcud müəssisələrin tutumunun artırılması deyil, həm də yeni bağçaların yaradılması, özəl bağçaların prosesə daha geniş cəlb olunması və dövlət-özəl əməkdaşlığının effektiv şəkildə tətbiqi vacibdir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsində yaxın illərdə məktəbəqədər təhsil müəssisələrində yer çatışmazlığının mərhələli şəkildə azalması gözlənilir”.
dəqiqələr içində saytın olsun.