KMBİ maliyyə təşkilatları adından saxta kredit səhifələri yaradan şəxsi saxlayıb
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən rəqəmsal mühitdə, xüsusilə “WhatsApp” ani mesajlaşma sistemi və sosial şəbəkələr vasitəsilə vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi yolu ilə törədilən kiberdələduzluq hallarının qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir.
DİN Mətbuat Xidmətindən Operativ Media-ya verilən məlumata görə, kiberpolisin həyata keçirdiyi növbəti əməliyyat-texniki tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən Elcan Cəfərov saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, o, sosial şəbəkələrdə bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə vizual baxımdan oxşar saxta səhifələr yaradıb. E.Cəfərov bununla kifayətlənməyərək daha çox şəxsi cəlb etmək məqsədi ilə həmin saxta səhifələrin sosial şəbəkələrdə, “WhatsApp” qruplarında reklamını aparıb. Saxta səhifəyə daxil olan vətəndaşlardan kredit rəsmiləşdirilməsi adı ilə bank kartının nömrəsi, son istifadə tarixi, CVV və OTP təhlükəsizlik kodları əldə edilib.
Vətəndaşlar həmin məlumatları təqdim etdikdən sonra isə o, bank kartlarındakı vəsaitləri başqa şəxslərə məxsus hesablara köçürərək nağdlaşdırıb.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. E.Cəfərov cinayət məsuliyyətinə cəlb olunaraq, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bir daha vətəndaşlara tövsiyə edirik ki, sosial şəbəkələrdə qarşılarına çıxan kredit elanları və digər reklam xarakterli məlumatların doğruluğunu yoxlasınlar. Kredit və digər maliyyə xidmətlərindən istifadə etməzdən əvvəl həmin qurumun qanuni əsaslarla fəaliyyət göstərib göstərmədiyini dəqiqləşdirsinlər. Bank kartlarının məlumatlarını, xüsusilə CVV/CVC və SMS vasitəsilə göndərilən OTP kodlarını heç bir halda tanımadıqları şəxslərə və şübhəli internet səhifələrinə təqdim etməsinlər. Nəzərə almaq lazımdır ki, banklar, dövlət qurumları və digər rəsmi təşkilatlar telefon zəngi, mesaj və ya sosial şəbəkələr vasitəsilə PIN-kod, CVV/CVC və OTP kimi məxfi məlumatları tələb etmirlər. Belə hallarla qarşılaşdıqda və ya kiberdələduzluqla bağlı şübhə yarandıqda isə dərhal polis orqanlarına müraciət etmək tövsiyə olunur.
dəqiqələr içində saytın olsun.