Ev şəraitində işləyənlərin əmək hüquqları necə qorunur?
Əmək münasibətlərinin müasir formalarından biri də işçinin əmək funksiyasını işəgötürənin müəssisəsindən kənarda, o cümlədən ev şəraitində yerinə yetirməsidir. Lakin işin görülmə yerinin dəyişməsi işçinin əmək hüquqlarının məhdudlaşdırılması üçün əsas hesab edilə bilməz.
Bu sözləri Operativ Media-ya vəkil Səma Əhmədova deyib.
O bildirib ki, əmək münasibətləri əmək müqaviləsi ilə rəsmiləşdirildiyi halda, evdən çalışan işçi də digər işçilər kimi əməkhaqqı, iş və istirahət vaxtı, məzuniyyət, sosial təminatlar ilə bağlı qanunvericilikdə nəzərdə tutulan hüquqlara malikdir:
“Praktik baxımdan ən mühüm məsələlərdən biri iş vaxtının sərhədlərinin düzgün müəyyən edilməsidir. İşçinin evdən işləməsi onun işəgötürən üçün günün istənilən saatında əlçatan olması anlamına gəlmir. İş vaxtından kənar işə cəlb edilmə qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir.
Digər mühüm məsələ isə işin icrası üçün zəruri olan texniki vasitələrin, avadanlıqların və digər iş şəraitinin təmin edilməsidir. Bu məsələlərin əmək müqaviləsində və ya işəgötürənin müvafiq daxili sənədlərində əvvəlcədən müəyyənləşdirilməsi tərəflər arasında yarana biləcək mübahisələrin qarşısının alınmasına xidmət edir.
Xüsusilə qeyd edilməlidir ki, evdən işləmək əmək müqaviləsi bağlamaq öhdəliyini aradan qaldırmır. Əgər faktiki münasibət əmək münasibətlərinin xarakterik xüsusiyyətlərini daşıyırsa, onun mülki-hüquqi müqavilə adı altında rəsmiləşdirilməsi işçinin qanunvericiliklə təmin edilən hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər.
Nəticə etibarilə, əmək funksiyasının evdə və ya ofisdə yerinə yetirilməsindən asılı olmayaraq, əsas prinsip dəyişmir: işçinin əmək hüquqları qorunmalı, əmək münasibətləri isə qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməlidir”.
dəqiqələr içində saytın olsun.