Qəbələ Zirvəsi: Türk Birliyinin yeni mərhələsi və Azərbaycanın liderlik missiyası - ŞƏRH

Nərmin Qocamanlı
Qəbələ Zirvəsi: Türk Birliyinin yeni mərhələsi və Azərbaycanın liderlik missiyası - ŞƏRH

"Azərbaycanın qədim Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Görüşü Türk dünyasının birliyi, əməkdaşlığı və regional güc kimi mövqeyinin möhkəmlənməsi baxımından tarixi hadisəyə çevrildi. Zirvə görüşündə Prezident cənab İlham Əliyevin dərin məzmunlu çıxışı Türk dövlətlərinin qarşısında duran strateji hədəfləri, regional təhlükəsizlik məsələlərini və Azərbaycanın sədrliyi dövründə TDT-nin prioritetlərini, ölkəmizin bu birliyin inkişafındakı aparıcı rolunu bir daha ortaya qoydu".

Bu fikirləri Operativ Media-ya açıqlamasında deputat Zaur Şükürov deyib:

"Zirvə toplantısında qəbul edilən qərarlar Türk dünyasının inteqrasiyasının dərinləşməsi, regional təhlükəsizlik, nəqliyyat və enerji sahələrində əməkdaşlığın güclənməsi baxımından mühüm tarixi mərhələ kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin sözləri ilə desək, Türk dünyası artıq qlobal siyasətdə ciddi aktordur. Bu gün Türk Dövlətləri Təşkilatı sadəcə əməkdaşlıq platforması deyil, həm də ciddi geosiyasi mərkəzlərdən birinə çevrilir. Ortaq tarixi və etnik köklərimiz, milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir.

Prezident İlham Əliyev çıxışında TDT-nin təməl sənədi olan Naxçıvan Sazişinə və 2023-cü ildə Şuşada qəbul edilmiş Qarabağ Bəyannaməsinə istinad edərək, müasir dövrdə türk dövlətlərinin sülh və təhlükəsizlik məsələlərində vahid mövqedən çıxış etməsinin zəruriliyini vurğuladı. O bildirdi ki, təhlükəsizlik təmin olunmadan inkişaf mümkün deyil və türk dövlətləri vahid güc mərkəzi kimi çıxış etməlidir.

Bu çərçivədə Prezident 2026-cı ildə Azərbaycanda TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təşəbbüsünü irəli sürdü. Bu təklif Türk dünyasında hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsi və ortaq müdafiə sisteminin formalaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər.

Prezident çıxışında, həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə və 2023-cü ilin antiterror tədbirlərinin nəticəsində ərazi bütövlüyünün tam bərpa olunmasına diqqət çəkdi. Qeyd edilməlidir ki, Prezident İlham Əliyevin misilsiz liderliyi və sərkərdəliyi, şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin şücaəti nəticəsində yaranmış yeni geosiyasi reallıq dövlətimizin nüfuzunu daha da artırmaqla yanaşı, beynəlxalq aləmdə və TDT çərçivəsində Azərbaycana olan etimadı daha da möhkəmləndirmişdir.

TDT çərçivəsində perspektivli əməkdaşlıq istiqamətlərindən biri nəqliyyat-logistika və enerji sahələridir. Bu sahələr təşkilat üçün strateji istiqamətlər hesab olunur. Prezident İlham Əliyev çıxışında Türk dünyasının gələcəyi üçün nəqliyyat əlaqələrinin və enerji təhlükəsizliyinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Azərbaycan Orta Dəhlizin (Transxəzər marşrutu) aparıcı iştirakçısıdır. Onun sözlərinə görə, 2022-ci ildən bəri bu marşrutla yükdaşımalar 90 faiz artıb, tranzit müddətləri isə əhəmiyyətli dərəcədə azalıb.

Prezident, həmçinin, Zəngəzur dəhlizinin vacib əhəmiyyətinə diqqət çəkərək bildirib ki, bu dəhlizin açılması həm Orta Dəhliz, həm də Şimal–Cənub nəqliyyat şəbəkələrinin mühüm arteriyasına çevriləcək. Zəngəzur dəhlizi Türk dünyasını birləşdirən strateji nəqliyyat xətti kimi qlobal iqtisadi inteqrasiyanın əsas dayağı olacaq.

Enerji sahəsində, o cümlədən yaşıl enerji gündəliyi ilə bağlı Prezident İlham Əliyevin fikirləri mühüm mesajlar ehtiva edir. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan etibarlı tərəfdaşdır və hazırda 14 xarici ölkəyə təbii qaz ixrac edir. Bu amil ölkəmizin TDT çərçivəsində enerji əməkdaşlığına davamlı töhfə verməsinin əsas göstəricisidir.

Azərbaycan həmçinin türk dövlətlərinin iqtisadi inkişafına da əhəmiyyətli töhfələr verir. Prezidentin sözlərinə görə, indiyədək Azərbaycan qardaş ölkələrin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə yatırıb. Özbəkistan, Qazaxıstan və Qırğızıstanla yaradılan birgə sərmayə fondları gələcəkdə sənaye, logistika və aqrar sahələrdə ortaq layihələrin reallaşmasına imkan yaradacaq.

Prezident çıxışında TDT çərçivəsində humanitar əməkdaşlıq məsələlərinə də toxunaraq, Türk dünyasının mənəvi birliyinə xüsusi yer ayırdı. O, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin gələn il TDT çərçivəsində geniş şəkildə qeyd edilməsini təklif etdi. Bu təşəbbüs Türk dünyasının ortaq tarixini, elmini və mədəniyyətini daha da yaxınlaşdıracaq, yeni nəsillərin milli kimliyə bağlılığını möhkəmləndirəcək.

Prezident həmçinin Qarabağ və Şərqi Zəngəzurun bərpasında TDT üzv və müşahidəçi dövlətlərin yaxından iştirakını qardaş dəstəyi və türk həmrəyliyinin canlı nümunəsi kimi qiymətləndirdi. O, bu dəstəyi xüsusi minnətdarlıqla qeyd edərək, Özbəkistanın Füzulidə inşa etdiyi Mirzə Uluqbəy məktəbi, Qazaxıstanın Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın Manas məktəbi, Türkmənistanın Füzuli məscidi, Macarıstanın Cəbrayıldakı məktəbi və Türkiyənin inşa etdiyi yollar və körpüləri bu həmrəyliyin simvolu kimi dəyərləndirdi.

Nəticə etibarilə, Qəbələ Zirvə Görüşü Türk Dövlətləri Təşkilatının tarixində yeni mərhələnin başlanğıcı oldu. Azərbaycanın sədrliyi dövründə təşkilatın fəaliyyətində əsas diqqət regional sülh, təhlükəsizlik, iqtisadi inteqrasiya, enerji və nəqliyyat əməkdaşlığı, eləcə də mədəni həmrəyliyin möhkəmləndirilməsinə yönələcək. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan Türk dünyasında həm sülh və sabitliyin dayağı, həm də praktiki əməkdaşlığın mühərriki rolunu daha da möhkəmləndirəcək".

Ayşən Sadıxzadə

Digər xəbərlər