Menyu

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Operativ Media
AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub
1 dəq oxu

Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) icra etdiyi “İnformatika müəllimlərinin və şagirdlərin informasiya təhlükəsizliyi üzrə inkişaf proqramı” layihəsinin hesabat tədbiri və AKTA-nın təşəbbüsü ilə universitetlərdə yaradılmış kiberklubların koordinasiya görüşü baş tutub.

AKTA-dan Operativ Media-ya bildirilib ki, tədbirin açılışında assosiasiyanın icraçı direktoru Rauf Cabarov çıxış edərək layihənin əhəmiyyətindən və əldə olunan nəticələrdən bəhs edib. Daha sonra AKTA eksperti Lalə Kərimova layihə çərçivəsində aparılmış tədqiqatın nəticələri barədə təqdimatla çıxış edib. Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Ayaz Abuşov da tədbirdə çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüb və layihənin verdiyi töhfələri, ümumiyyətlə təhsil sistemində son illər aparılan rəqəmsallaşma işlərini qeyd edib.

Layihə çərçivəsində informatika müəllimləri üçün informasiya təhlükəsizliyi mövzusunda hazırlanmış metodiki-tədris vəsaitinin təqdimatı da keçirilib. AKTA-nın Təhsil komitəsinin katibi Bəhruz Əliyev vəsaitin hazırlanma prosesi, məzmunu və tədris prosesində istifadəsi barədə məlumat verib.

Tədbirin davamında AKTA-nın baş katibi Fidan Əhmədova universitetlərdə fəaliyyət göstərən kiberklubların mövcud vəziyyəti, fəaliyyət imkanları və gələcək inkişaf planları haqqında təqdimatla çıxış edib. Həmçinin noyabr ayında keçirilməsi nəzərdə tutulan “Gənclərin CTF Kuboku”nun təşkili, komandaların hazırlanması və universitet kiberklublarının yarışda iştirakı ilə bağlı məsələlər müzakirə olunub.

Bununla yanaşı, CTF Kubokunun təşkili üzrə AKTA üzvü olan "Millisec" şirkətinin təsisçisi və direktoru Zaur Qasımov yarışın formatı, keçirilmə qaydaları və iştirakçılar üçün nəzərdə tutulan praktiki tapşırıqlar barədə məlumat verib.

Tədbir layihənin nəticələrinin təqdim edilməsi, təhsil sahəsində informasiya təhlükəsizliyinin inkişafı, eləcə də gənclərin kibertəhlükəsizlik üzrə bilik və praktiki bacarıqlarının artırılmasına yönəlmiş təşəbbüslərin müzakirəsi baxımından əhəmiyyət daşıyıb.

Fotogalereya

Əlaqəli Xəbərlər