Menyu

Qvineya Bisauda hərbi çevriliş olub - YENİLƏNİB

Operativ Media
Qvineya Bisauda hərbi çevriliş olub - YENİLƏNİB

Qvineya-Bissau Respublikasının Prezidenti Sissoko Embalo devrildiyini təsdiqləyib.

Operativ Media xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.

Prezident mətbuata açıqlamasında devrildiyini bildirib.

Ölkədə çevriliş edən hərbçilər bütün sərhədlərin bağlandığını elan ediblər .

Hərbçilər "ölkəyə tam nəzarəti" öz üzərinə götürdüklərini qeyd ediblər.

Hərbçilər konstitusiya quruluşuna qayıtmazdan əvvəl vəziyyətin aydınlaşdırılmasının zəruriliyini əsas gətirərək ölkədə mübahisəli seçki prosesinin dayandırıldığını bildiriblər.

Qeyd edək ki, Qvineya-Bissauda ötən bazar günü prezident seçkiləri keçirilib.

Sissoko Embalo seçkilərdə qalib gəldiyini bildirsə də, müxalifət nəticələri qəbul etməyib.

Onun rəqibi Fernando Dias De Kosta seçkilərin saxtalaşdırıldığını bəyan edib və tərəfdarlarını etiraza səsləyib.

Qeyd edək ki, Seçki Komissiyası noyabrın 23-də keçirilən prezident və parlament seçkilərinin nəticələrini hələ də açıqlamayıb.

20:31

Hərbçilər Qvineya Bisauda hakimiyyəti ələ keçiriblər. Prezident Ömər Sissoko Embalonun, daxili işlər nazirinin, Silahlı Qüvvələrin Baş qərargah rəisinin saxlandığı bildirilir.

Operativ Media xəbər verir ki, bu, prezident seçkilərinin nəticələri elan olunandan bir gün qabaq baş verib.

Şahidlərin verdiyi ifadələrə görə, bu gün Mərkəzi Seçki Komitəsinin qarşısında atışma səsləri eşidilib. Atışmaların davam edib-etməməsi barədə hələ heç bir məlumat yoxdur.

Qeyd edilir ki, Afrikanın qərbində yerləşən adıçəkilən dövlətdə seçkilər ötən bazar günü keçirilib. Sabah ilkin nəticələrin elan edilməsi gözlənilirdi. Seçkilərdə hazırkı prezident Ömər Sissoko Embalo və Fernando Diyas əsas namizədlər olub. Səlahiyyət müddəti bitən prezident və rəqibi özlərini seçkilərdə qalib elan ediblər.

Qeyd edək ki, Seneqal və Qvineya ilə həmsərhəd olan kiçik sahil dövlətində 1974-cü ildə müstəqil olduğu gündən 2020-ci ilədək azı 9 çevriliş hadisəsi baş verib.

Əlaqəli Xəbərlər