Menyu

Deputat: 20 Yanvar hadisələri xalqın mübarizə ruhunu sındıra bilmədi

Operativ Media
Deputat: 20 Yanvar hadisələri xalqın mübarizə ruhunu sındıra bilmədi

Bu gün xalqımıza qarşı qanlı qətliamın törədildiyi gündür. 20 Yanvar həm də xalqımızın qəhrəmanlıq səhifəsidir”.

Operativ Media xəbər verir ki, bu sözləri millət vəkili Azər Badamov bildirib.

O qeyd edib ki, Azərbaycan xalqı heç vaxt haqsızlığa qarşı səssiz qalmayıb və hər zaman öz qətiyyətini nümayiş etdirib:

“20 Yanvara gedən yol ondan əvvəlki illərdə azərbaycanlıların Ermənistandan deportasiya edilməsi, Qarabağda baş verən hadisələr və sovet rəhbərliyinin bu proseslərə haqsız yanaşmasına etirazla başlanmışdı.

Lakin Mixail Qorbaçovun azərbaycanlılara qarşı düşmən mövqeyinin ən ağır və son cinayəti məhz 20 Yanvar gecəsi baş verdi. Əliyalın, silahsız insanların üzərinə təpədən-dırnağa qədər silahlanmış, əsasən erməni quldur dəstələrindən təşkil olunmuş xüsusi təyinatlı hərbi hissələrin göndərilməsi və onlara qətliam törətmək əmri verilməsi xalqı qorxutmaq niyyətindən irəli gəlirdi.

147 nəfərin güllələnməsi, 750 nəfərin yaralanması xalqımızı qorxutmadı, əksinə, onu daha da mübariz etdi. Lakin həmin günlərlə bağlı diqqətçəkən başqa bir məqam da var. Xalqı meydanlara çağıran AXC rəhbərliyində təmsil olunan şəxslər insanları tankların qarşısına çıxardaraq özləri gizləndilər. Çünki qırğın törədiləcəyini yaxşı bilirdilər. Məhz buna görə də onlardan heç biri həlak olmadı, sonradan isə özlərini qəhrəman kimi təqdim etdilər.

AXC hakimiyyətə gəldikdən sonra 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi məsələsinin unudulması və bu istiqamətdə mövcud imkanlardan istifadə olunmaması onların əsl mahiyyətini açıq şəkildə ortaya qoydu.

Həmin dövrdə təcrid olunmuş şəraitdə yaşayan Ümummilli Lider Heydər Əliyev bütün təhlükələrə baxmayaraq Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək sərt bəyanatla çıxış etdi və dedi:

“Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”.

Məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində, eləcə də 1994-cü il martın 29-da Milli Məclis səviyyəsində 20 Yanvar faciəsinə ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da 1993-cü ilə qədər hakimiyyətdə olan şəxslərin heç biri bu faciənin əsl həqiqətlərini üzə çıxarmağa cəsarət etmədi.

20 Yanvar xalqımızın qəhrəmanlıq tarixidir. Bu qanlı səhifə heç vaxt unudulmayacaq. Hər il 20 Yanvarın Ümumxalq Hüzn Günü kimi qeyd olunması, insanların tər qərənfillərlə Şəhidlər xiyabanına axın edərək şəhidlərin ölməz ruhu qarşısında baş əyməsi xalqımızın öz tarixinə nə qədər bağlı olduğunu bir daha sübut edir.

Şəhidlər ölmürlər. Dövlətimiz və xalqımız yaşadıqca onlar da yaşayacaqlar. Allah rəhmət eləsin, ruhları şad olsun!”.

Əlaqəli Xəbərlər