Pedro Bikalyo: “Karyeramın ən önəmli oyunudur”

Çempionlar Liqasının VII turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayntraxt” oyunundan öncə Ağdam klubunun futbolçusu Pedro Bikalyo jurnalistlərin suallarını cavablandırıb.
Operativ Media xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi əvvəlcə görüşün əhəmiyyətindən danışıb. O, yanvarın 20-nin Azərbaycan üçün kədərli və önəmli gün olduğunu xatırladaraq, 36 il əvvəl müstəqillik uğrunda canlarını qurban verən insanları ehtiramla yad edib.
Bikalyo qarşıdakı oyunun vacibliyini vurğulayaraq bildirib ki, komanda bu matça ciddi hazırlaşıb:
“Antalyada mini hazırlıq keçdik. Bu toplanış bizim üçün çox önəmli idi. Ümid edirəm və inanıram ki, sabahkı oyunda hazırlıq zamanı üzərində işlədiklərimizi meydanda göstərə biləcəyik”.
Futbolçu “Ayntraxt”la görüşün karyerası baxımından xüsusi əhəmiyyət daşıdığını da qeyd edib:
“Turnirin böyüklüyünü və oyunun vacibliyini nəzərə alsaq, bu, böyük matçdır. Deyə bilərəm ki, karyeramın ən önəmli oyunudur”.
Oyunun ən yaxşı futbolçusu seçilmək barədə suala cavab verən Bikalyo şəxsi mükafatların əsas məqsəd olmadığını bildirib:
“Belə bir məqsədim yoxdur. Əsas komandanın qələbəsidir. Oyundan sonra kimin seçilməsi artıq başqa məsələdir”.
Adının transfer xəbərlərində hallanmasına da münasibət bildirən yarımmüdafiəçi bunun oyunöncəsi hazırlığına təsir etmədiyini vurğulayıb:
“Qətiyyətlə deyə bilərəm ki, bu cür xəbərlər oyuna köklənməyimə təsir etmir. Bu matç karyeramın ən önəmli oyunudur və tam diqqətimizi buna yönəltmişik. Digər məsələlər klub rəhbərliyinin işidir”.
Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” oyunu Çempionlar Liqasının VII turu çərçivəsində keçiriləcək.