Öz adına bank kartı alıb başqasına verənlərin diqqətinə

“Vətəndaşın öz adına bank kartı alıb başqasına verməsi hüquqi baxımdan ciddi məsuliyyət yarada bilər. Bu vəziyyət müxtəlif ölkələrdə fərqli qaydalarla tənzimlənir, amma ümumi prinsiplər aşağıdakı kimidir: Bank bundan məlumat tutarsa kartın sahibinin bankla müqaviləsi pozulur. Çünki bank kartı yalnız sahibinin öz istifadəsi üçün nəzərdə tutulub”.
Bu sözləri Operativ Media-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.
O bildirib ki, bank kartdan istifadə nəticəsində yaranan borc sahibin üzərinə düşür, amma başqasının istifadəsi nəticəsində itkilər də sahibin hesabına yazıla bilər:
“Başqasına kart verən şəxs başa düşməlidir ki, kartını verdiyi şəxsin başqasına qarşı həmin kartla fırıldaq etməsi kartının sahibinin adına məsuliyyət yarada bilər. Kart sahibinin adı ilə edilən qanunsuz əməliyyatlar, vergi gizlətmək, saxta əməliyyatlar da kart sahibinin üzərində qalır. Həmin kartdan terrorçuluğun maliyyələşdirilməsi və ya çirkli pulların yuyulması məqsədilə istifadə olunursa, kart sahibi də məsuliyyət daşıya bilər. Bundan başqa kart sahibinin adı ilə kredit və ya borc götürülməsi zamanı, öhdəliklər rəsmi olaraq kart sahibinin üzərinə düşür. Bir sözlə, kartdan başqa şəxsin istifadəsi nəticəsində yaranan borcların ödənməsi kartın sahibindən tələb oluna bilər. Cinayət faktı varsa, məsuliyyət mülki və cinayət məsulyyətini ehtiva edə bilər. Əsas qayda bundan ibarətdir ki, kartı yalnız kart sahibinin özü istifadə etməlidir. Başqasına vermək həm bank müqaviləsinin pozulmasına səbəb olur, həm də hüquqi məsuliyyət riskini artırır”.