Azərbaycanda MRT müayinələri: Qiymətlər

Azərbaycanda Maqnit Rezonans Tomoqrafiyası (MRT) müayinələrinin qiymətləri həm müayinə növündən, həm də klinikanın texniki imkanlarından asılı olaraq dəyişir. Adətən kontrastsız müayinələr daha ucuz, kontrast maddəsi ilə aparılan müayinələr isə daha yüksək qiymətə başa gəlir. MRT digər görüntüləmə üsullarına nisbətən daha dəqiq və təhlükəsiz olduğundan geniş istifadə olunur, lakin qiymətlər klinikadan klinikaya fərqlənir.
Operativ Media xəbər verir ki, Azərbaycanda MRT müayinələrinin qiymətləri aşağıdakı kimidir:
- Liv Bona Dea: Kontraslı – 250 AZN, kontrastsız – 360 AZN
- Baku Medical Plaza (Mərkəz): 165 AZN-dən başlayır
- Avrasiya Hospital: 174 AZN-dən başlayır
- Leyla Medical Center: 150 AZN-dən başlayır
- Baku City Hospital: Bir nahiyə – 180 AZN
- Modern Hospital: 140 AZN-dən başlayır
- Caspian International Hospital: 150 AZN-dən başlayır
- Bakı Sağlamlıq Mərkəzi: 170 AZN-dən başlayır
- Ege Hospital: Tək nahiyə kontrastsız – 160 AZN, kontraslı – 260 AZN, tək bel nahiyəsi – 350 AZN
- Oksigen Klinik Xəstəxanası: Bir nahiyə – 170 AZN (hazırda işləmir)
- Vital Klinika: 165 AZN-dən başlayır
MRT müayinəsi təhlükəlidir?
Terapevt Süphan Hacıyev Operativ Media-ya bildirib ki, bu üsul orqanizmin daxili quruluşunu yüksək dəqiqliklə görüntüləməyə imkan verir və ionlaşdırıcı şüalanmadan istifadə etmədiyi üçün təhlükəsizdir:
"Bəzi hallarda daha dəqiq nəticələr üçün kontrast maddələr tətbiq olunur, onlar əsasən onkoloji proseslərin və damar problemlərinin daha aydın görünməsi üçün istifadə edilir və nadir hallarda yan təsirlərə səbəb olur.
MRT həm təhlükəsiz, həm də dəqiq diaqnostik üsul olduğundan xəstələr üçün rahatdır və müayinə bitdikdən sonra xüsusi məhdudiyyətlərə əməl etməyə ehtiyac yoxdur".
İcbari Tibbi Sığorta ilə MRT müayinəsindən yararlanmaq olar?
İcbari Tibbi Sığortadan Operativ Media-ya bildirilib ki, vətəndaşlar ixtisaslı həkimin göndərişi əsasında ambulator şəraitdə MRT və KT xidmətlərindən yararlana bilərlər. Bu zaman xəstələr yalnız Xidmətlər Zərfində göstərilən tarifin 20%-i qədər müştərək maliyyələşmə məbləği ödəyirlər.