Menyu

VÖEN necə alınır? - İZAH

Ayşən Sadıxzadə
VÖEN necə alınır? - İZAH

“Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxsin vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vəzifəsidir. Bunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qanunsuzdur”.

Bu sözləri Operativ Media-ya açıqlamasında hüquqşünas Xanlar Sətullayev deyib. 

O bildirib ki, Vergi Məcəlləsinin 34-cü maddəsinin tələbinə görə, vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir:

“Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. 

Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma ödənişsiz həyata keçirilir.

VÖEN almaq istəyən şəxslər bunun üçün yaşadıqları və ya fəaliyyət göstərdikləri ərazi üzrə vergi orqanına, yaxud da ASAN xidmət mərkəzlərinə, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər. 

Bundan başqa SİMA tətbiqini telefona yükləyib qeydiyyatdan keçməklə, həmin tətbiq vasitəsilə evdən çıxmadan VÖEN almaq mümkündür. Belə ki, SİMA İmzanın vergi portalına inteqrasiyası nəticəsində artıq fərdi sahibkarlar new.e-taxes.gov.az portalında onlayn VÖEN aça, elektron qaimə göndərə, sadələşdirilmiş, gəlir, əmlak və s. kimi bir çox vergi bəyannamələrini SİMA rəqəmsal imza ilə rahatlıqla təqdim edə bilərlər. Bundan başqa, sahibkarlar üçün POS-terminalların qeydiyyatı və qeydiyyatdan çıxarılması da artıq SİMA İmza ilə mümkündür. Heç yerə getmədən VÖEN açdıqdan sonra fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəs il ərzində üç aydan bir təkrarlanan vergi hesabatlarını da SİMA yeni nəsil rəqəmsal imza ilə həyata keçirə bilərlər. SİMA İmza ilə onlayn VÖEN açmaq üçün aşağıdakı ardıcıllığı yerinə yetirmək lazımdır:

- new.e-taxes.gov.az saytına SİMA İmza ilə daxil olmaq; 

- Açılan pəncərədə “vergi məcəlləsinin 33.4-cü maddəsinə uyğun olaraq fiziki şəxs” kimi qeydiyyatdan keçməyi seçmək; 

- Burada isə tələb olunan məlumatları doldurub müraciəti təsdiqləmək lazımdır”.

Əlaqəli Xəbərlər