Mərakeşdə iki binanın uçması nəticəsində 19 nəfər ölüb
Şəfa Hüseynli

Mərakeşin şimalındakı Fez şəhərində iki binanın uçması nəticəsində 19 nəfər ölüb, 16 nəfər yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə Fes Qubernatorluğu məlumat yayıb.
Bildirilib ki, iki bitişik binada səkkiz ailə yaşayırdı.
Bəyanatda yerli hakimiyyət orqanlarının, təhlükəsizlik qüvvələrinin və mülki müdafiə qruplarının axtarış-xilasetmə əməliyyatlarını davam etdirdiyi, ictimai təhlükəsizliyə potensial təhlükələrin qarşısının alınması üçün uçan binaların ətrafının mühafizəsinin təmin edildiyi, qonşu evlərin sakinlərinin təxliyə edildiyi vurğulanıb.
Binanın çökmə səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.