Belçika, Niderland və Lüksemburqdan olan siyasi direktorların Milli Məclisdə görüşü keçirilib

9 dekabr tarixində Belçika, Niderland və Lüksemburq Xarici İşlər Nazirliklərinin siyasi direktorları, eləcə də Benelüks ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirləri ilə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində görüş keçirilib.
Operativ Media xəbər verir ki, görüşdə komitə üzvləri Nigar Arpadari, Fariz İsmayılzadə, Rizvan Nəbiyev, Zaur Şükürov, Nigar Məmmədova, eləcə də Benelüks nümayəndə heyətindən Marcel de Vink, Belçikadan Veronique Petit, Lüksemburqdan isə Veronique Dockendorf və həmin ölkələrin səfirləri iştirak ediblər.
Tərəflər aktual regional proseslər, o cümlədən Azərbaycan və Ermənistan arasında etimad quruculuğu tədbirləri barədə ətraflı fikir mübadiləsi aparıblar.
Görüş zamanı həmçinin hər üç ölkənin parlamentlərində Vətən müharibəsindən sonra qəbul olunmuş, regiondakı yeni siyasi reallıq və sülh perspektivlərini təhrif edən qərəzli qətnamələrlə bağlı Azərbaycanın narahatlığı diqqətə çatdırılıb.
Deputatlar Benelüks nümayəndələrinin Bakı səfərini yüksək qiymətləndirib.
Tərəflər ikitərəfli münasibətlərə dair dialoqun müxtəlif platformalarda davam etdirilməsinin önəmini vurğulayıblar.