Menyu

Bakı–Bratislava münasibətləri yeni strateji mərhələdə - RƏY

Operativ Media
Bakı–Bratislava münasibətləri yeni strateji mərhələdə - RƏY

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Slovakiyaya səfəri həm Avropa İttifaqı ilə münasibətlərin inkişafı kontekstində, həm də strateji tərəfdaş dövlətlərlə ikitərəfli əlaqələrin davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır".

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Rizvan Nəbiyev deyib. 

O bildirib ki, hazırda Azərbaycan Avropa İttifaqının 10 üzv dövləti ilə strateji tərəfdaşlıq münasibətləri qurub və ümumilikdə Aİ-nin 8 ölkəsinə qaz ixrac edir:

“Bu, Azərbaycanın həmin dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynadığını göstərir. Nəzərə alsaq ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin əsas komponentlərindən biridir, Azərbaycanın neft-qaz ixracı sahəsində həyata keçirdiyi əməli əməkdaşlıq bu ölkələrin enerji təminatına mühüm töhfə verir.

Slovakiya–Azərbaycan əməkdaşlığının gündəliyi geniş və çoxşaxəlidir. Ali səviyyəli siyasi dialoqla yanaşı, iqtisadi əməkdaşlıq, müdafiə sənayesi üzrə tərəfdaşlıq və digər sahələr üzrə əməkdaşlıq perspektivləri mövcuddur. Xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Slovakiya, Avropa İttifaqına üzv olmamışdan əvvəl də, müdafiə sənayesi sahəsində Avropa ölkələri arasında özünəməxsus mövqe formalaşdırmışdı və bu istiqamətdə imkanlarını daha da təkmilləşdirib. Hər iki ölkənin dövlət rəsmilərinin bəyanatlarında müdafiə sənayesi üzrə əməkdaşlığın genişləndirilməsinə maraq açıq şəkildə ifadə olunur.

Slovakiyanın Baş nazirinin müavini və müdafiə nazirinin Azərbaycanın 8 Noyabr Zəfər Paradında fəxri qonaq qismində iştirakı da dost ölkənin Bakının yeni təhlükəsizlik reallıqlarını qəbul etdiyini və sülh təşəbbüslərinə verdiyi siyasi dəstəyi göstərir. Bu, eyni zamanda müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq perspektivlərinin mövcudluğuna işarədir.

Azərbaycan iki il əvvəl Bratislavada səfirliyini təsis etməklə, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf etdirilməsinə siyasi iradə ortaya qoyub. Mövcud resurslar və tranzit imkanları da bu prosesin daha səmərəli həyata keçirilməsi üçün geniş perspektivlər açır.

Azərbaycan həm Aİ çərçivəsində, həm də ikitərəfli formatda Slovakiyanın Mərkəzi Asiya istiqamətində siyasəti üçün mühüm tranzit imkanları təqdim etməyə hazırdır. Bu isə göstərir ki, uzunmüddətli əməkdaşlıq perspektivləri həm ikitərəfli, həm də çoxtərəfli formatda hər iki dövlətin gündəmində önəmli yer tutacaq”.

Əlaqəli Xəbərlər