Mövsümi virusların aktivliyi artır: Nələrə diqqət etməli?

“Soyuq aylarda infeksion xəstəliklərin daha çox yayılmasının bir neçə əsas səbəbi var. İlk növbədə, soyuq hava immun sistemini zəiflədir. Orqanizm soyuqda daha çox enerji sərf edir, havanın rütubətinin azalması isə tənəffüs yollarının qoruyucu mexanizmlərini zəiflədərək virusların bədənə daha asan daxil olmasına şərait yaradır. Qrip, rinovirus, adenovirus və influenza kimi viruslar quru havada daha uzun müddət yaşaya bildikləri üçün bu mövsümdə daha aktiv olur”.
Bu sözləri Operativ Media-ya açıqlamasında uzman pulmonoloq Aynur Məmmədova deyib.
O bildirib ki, digər mühüm faktor qapalı məkanlardır:
“Yay və yaz aylarında insanlar daha çox açıq havada olur, otaqlar tez-tez havalandırılır. Qışda isə əksinə, insanlar daha çox qapalı məkanlarda olur və bu, virusların bir insandan digərinə keçməsini asanlaşdırır. Məsələn, məktəblərdə uşaqlar bir-biri ilə daha sıx təmasda olur və yoluxmanı evə daşıyırlar.
Qış aylarında günəş işığının azalması və nəticədə D vitamini səviyyəsinin enməsi də immun sistemini zəiflədir. Həmçinin, bu dövrdə meyvə və tərəvəz qəbulu azalır ki, bu da orqanizmin müdafiə gücünə mənfi təsir edir. Payızdan etibarən mövsümi virusların — influenza, adenovirus, RSV və digər respirator virusların aktivliyi artır. Yoluxma zənciri isə adətən məktəblərdən başlayır, daha sonra ailələrə yayılır.
Tövsiyələrə gəldikdə, məktəblərdə və qapalı məkanlarda otaqlar tez-tez havalandırılmalıdır. Qidalanmada balans qorunmalı, xüsusilə balıq və tərəvəz kimi vitamin və mineral baxımından zəngin məhsullara üstünlük verilməlidir. Soyuq havaya baxmayaraq, açıq havada gəzinti və fiziki aktivlik davam etdirilməlidir. 65 yaşdan yuxarı şəxslər, astma və xroniki ağciyər xəstəliyi olanlar, immun sistemi zəiflədən dərmanlar qəbul edənlər, həmçinin HIV pozitiv şəxslər qış dövründə daha diqqətli olmalı və mümkün qədər maskadan istifadə etməlidirlər”.