Fransada polis və jandarmalar kütləvi etiraz aksiyası keçirib

Fransada polis və jandarma əməkdaşları ədalətsiz iş şəraiti və ölkədə artan cinayətkarlıq səviyyəsinə etiraz olaraq ümumxalq nümayişi təşkil ediblər.
Operativ Media xəbər verir ki, “Le Figaro” qəzetinin “Alliance” polis həmkarlar ittifaqına istinadən verdiyi məlumata görə, aksiyada ümumilikdə 45 mindən çox insan iştirak edib.
Məlumata görə, paytaxt Parisdə keçirilən nümayişə təxminən 20 min nəfər qatılıb. Lion və Marsel şəhərlərində aksiyalarda hər birində təxminən 5 min nəfər iştirak edib.
Lill və Nitsa şəhərlərində nümayişlərə 1000-dən çox insan qoşulub. Nim və Qrenobl şəhərlərində isə hər birində təxminən 1000 nəfər etiraz aksiyasına çıxıb.
Etirazçılar hüquq-mühafizə orqanları əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılmasını və təhlükəsizliklə bağlı daha effektiv tədbirlərin görülməsini tələb ediblər.