Əli Xamenei: ABŞ-nin İrana qarşı hər hansı bir təcavüzü regional münaqişəyə səbəb olacaq

ABŞ-nin İrana qarşı mümkün hərbi təcavüzü iki ölkə arasında müharibə ilə məhdudlaşmayacaq və tammiqyaslı regional münaqişəyə çevriləcək.
Operativ Media "Tasnim" xəbər agentliyinə istinadən xəbər verir ki, bunu İranın Ali Rəhbəri Əli Xamenei bildirib.
Əli Xamenei çıxışında ABŞ-yə xəbərdarlıq edərək deyib: “Amerikalılar bilməlidirlər ki, əgər müharibəyə başlasalar, bu dəfə regional müharibə olacaq”. O vurğulayıb ki, İran xalqı ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə çoxlu sayda silah yerləşdirməklə bağlı bəyanatlarından qorxmamalıdır. Ali Rəhbərin sözlərinə görə, İran müharibəyə başlayan tərəf olmayacaq və heç bir ölkəyə hücum etmək niyyətində deyil, lakin istənilən təcavüzə sərt cavab veriləcək: “Biz müharibələrə başlamırıq və heç bir ölkəyə hücum etmək istəmirik. Ancaq İran xalqı hücum edən və zərər verən hər kəsə qətiyyətlə cavab verəcək”.
Qeyd edək ki, yanvarın 26-da ABŞ prezidenti Donald Tramp İrana doğru “nəhəng bir armada”nın hərəkət etdiyini açıqlayıb. O, Tehranın danışıqlar masasına əyləşərək nüvə silahlarından tamamilə imtinanı nəzərdə tutan “ədalətli və bərabər” razılaşmaya razılaşacağına ümid etdiyini bildirib. Tramp, həmçinin ötən ilin iyununda ABŞ-nin İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi və “Gecəyarısı Çəkic Əməliyyatı” adlandırılan hücumu xatırladıb. Amerika lideri növbəti hücumun daha ağır nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edərək, “bunun baş verməsinə imkan verməyin” çağırışını edib.