Tramp: Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı iddialar uydurmadır
Donald Tramp Rusiyanın ABŞ seçki prosesinə hansısa formada müdaxilə etməsi ilə bağlı iddiaların uydurmadan başqa bir şey olmadığını bildirib.
Operativ Media xəbər verir ki, o, "NBC News"a verdiyi müsahibədə xatırladıb ki, “hamı Rusiyadan danışırdı və sonradan məlum oldu ki, bu, saxtakarlıqdır”.
Eyni zamanda, Amerika lideri xarici ölkələrin ABŞ seçkilərinə təsir göstərmək imkanını istisna etməyib. “Bizə ədalətli seçkilər lazımdır”, – deyə o əlavə edib.
2025-ci ilin iyulunda ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard 44-cü ABŞ prezidenti, demokrat Barak Obamanın administrasiyasının 2016-cı il prezident seçkilərində respublikaçı Trampın qələbəsindən sonra Rusiyanın seçki prosesinə müdaxiləsi ilə bağlı saxta kəşfiyyat məlumatları yaydığına dair hesabat dərc edib. Qabbard bildirib ki, bu addım Trampı hakimiyyətdən uzaqlaşdırmaq cəhdi məqsədi daşıyıb. Onun sözlərinə görə, seçkilərdən bir neçə ay əvvəl ABŞ kəşfiyyat qurumları yekdil mövqedə idi: Rusiyanın nə seçkilərə müdaxilə etmək niyyəti, nə də belə bir imkanı var idi. Lakin 2016-cı ilin dekabrında, Trampın qələbəsindən sonra Obama administrasiyası əvvəlki qiymətləndirmələrə zidd olan yeni hesabatın hazırlanmasını sifariş edib. Qabbard izah edib ki, əsas kəşfiyyat nəticəsi — Rusiyanın seçki nəticələrinə təsir göstərməməsi — sənəddən çıxarılaraq məxfiləşdirilib.
Tramp Rusiya rəsmiləri ilə hər hansı qeyri-qanuni əlaqəsinin olduğunu dəfələrlə təkzib edib. Moskva da ABŞ seçkilərinə təsir göstərmək cəhdləri ilə bağlı iddiaları əsassız adlandırıb.