Bu gün İtaliyada Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Bu gün İtaliyada XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.
Operativ Media xəbər verir ki, “San Siro” stadionunda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bununla da Oyunlar rəsmən açıq elan olunacaq.
Olimpiada tarixində ilk dəfə iki Olimpiya məşəli alovlandırılacaq. Biri Milanda, şəhərin ikonik abidəsi olan Sülh Tağının yaxınlığında, digəri isə Kortina d'Ampetsoda, Piatsa Dibona meydanında yerləşəcək.
Xatırladaq ki, Olimpiya Oyunları fevralın 4-də körlinq yarışları ilə start götürüb.
Azərbaycanı Qış Olimpiadasında dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev təmsil edəcək. Ölkəmiz indiyədək Qış Olimpiya Oyunlarında medal qazanmayıb və müstəqil dövlət kimi ilk dəfə 1998-ci ildə Yaponiyanın Naqano şəhərində təşkil olunan olimpiadada təmsil olunub. İndiyədək ən yüksək göstərici 2014-cü ildə Rusiyanın Soçi şəhərində keçirilən Oyunlarda qeydə alınıb. Fiqurlu konkisürmənin buzüstü rəqs növündə çıxış edən Yuliya Zlobina və Aleksey Sitnikov cütlüyü 12-ci yeri tutub.
Sonuncu dəfə 2022-ci ildə Pekində keçirilən Qış Olimpiya Oyunlarında Azərbaycan 2 idmançı ilə təmsil olunub. Fiqurlu konkisürmə üzrə yarışlarda Vladimir Litvintsev 18-ci, Yekaterina Ryabova isə 15-ci pillədə qərarlaşıb.
Azərbaycan Qış Paralimpiya Oyunlarına ilk lisenziyanı isə 2022-ci ilin fevralında qazanıb. Mehman Ramazanzadə kross-kantri növünün sprint kateqoriyasında Pekin Paralimpiadasında iştirak hüququ əldə etsə də, yarışın açılışına az qalmış məşq zamanı ağır zədə aldığı üçün rəsmi debüt baş tutmayıb.
Qeyd edək ki, “Milano–Kortina-2026” Qış Olimpiya Oyunları fevralın 6-dan 26-dək, Paralimpiya Oyunları isə martın 6-dan 15-dək Milan və Kortina d`Ampetso şəhərlərində təşkil olunacaq.