Aİ Rusiyaya qarşı sanksiyaları genişləndirir
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 20-ci sanksiyalar paketini irəli sürüb.
Operativ Media-nın xəbərinə görə, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen açıqlama verib.
Yeni sanksiyalar paketi enerji, maliyyə xidmətləri və ticarət sahələrini əhatə edir. Enerji istiqamətində Rusiya xam nefti üçün dəniz xidmətlərinə tam qadağanın tətbiqi, “kölgə donanması”na daha 43 gəminin daxil edilməsi, həmçinin LNG daşıyan tankerlərə və buzqıranlara texniki xidmətin məhdudlaşdırılması nəzərdə tutulur.
Maliyyə sektorunda 20 regional bankın sanksiya siyahısına salınması, eləcə də kriptovalyutalar vasitəsilə sanksiyalardan yayınma imkanlarının qarşısının alınması planlaşdırılır. Bundan əlavə, Rusiyaya 360 milyon avrodan artıq ixracın qadağan edilməsi, metallara, kimyəvi məhsullara və kritik minerallara isə 570 milyon avrodan çox həcmdə idxal məhdudiyyətlərinin tətbiqi qərara alınıb.
Paketdə ilk dəfə olaraq sanksiyalardan yayınmaya qarşı əks tədbirlər mexanizminin işə salınması da yer alır.
Komissiyanın məlumatına əsasən, sanksiyaların təsiri artıq özünü göstərir: Rusiyanın neft və qaz gəlirləri 2025-ci ildə 24 faiz azalaraq son beş ilin ən aşağı səviyyəsinə enib, faiz dərəcələri 16 faiz səviyyəsində qalır, inflyasiya isə yüksək olaraq davam edir.
Ursula fon der Lyayen üzv ölkələri yeni sanksiyaları tez bir zamanda təsdiqləməyə çağırıb və bunun müharibənin dördüncü ilində mühüm mesaj olacağını bildirib.