Menyu

Macarıstan oyun sektorunda dünya liderliyinə hazırlaşır

Operativ Media
Macarıstan oyun sektorunda dünya liderliyinə hazırlaşır

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto videooyunların hazırlanması sahəsində genişmiqyaslı investisiya layihəsinin başladığını açıqlayıb. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, investisiyaların stimullaşdırılması üzrə mövcud sistemin 11 il əvvəl tətbiq edilməsindən sonra ilk dəfə olaraq hökumət macar videooyun istehsalçısı olan şirkətin elmi-tədqiqat və təcrübi-konstruktor layihəsini dəstəkləyəcək.

Operativ Media xəbər verir ki, söhbət Budapeştdə 4,5 milyard forint dəyərində layihə həyata keçirən “Neocore Games Development Kft.” şirkətindən gedir. Dövlət dəstəyi 1,5 milyard forint təşkil edəcək və paytaxtda yüksək əlavə dəyərə malik yeni yüksək ixtisaslı iş yerlərinin yaradılmasına şərait yaradacaq.

Nazirin sözlərinə görə, beynəlxalq səviyyədə rəqabətədavamlı şirkət yüksək keyfiyyətli narrativ məzmun proqramı çərçivəsində yeni texnologiyalar və müasir hekayəçilik üsullarını tətbiq edəcək. Nəticədə tarixdə ilk dəfə tam macar AAA kateqoriyalı oyunun yaradılması planlaşdırılır.

Siyarto vurğulayıb ki, qlobal oyun sənayesində rəqabət hələ davam edir və Macarıstan bu sahədə lider mövqelər tutmağa hazırdır. O, hökumətin kreativ sənaye nümayəndələri ilə birgə ölkəni kino sənayesindən sonra videooyun sektorunda da dünya liderləri sırasına çıxara biləcək investisiya mühiti yaratmağa çalışdığını qeyd edib.

Xarici işlər naziri həmçinin bildirib ki, son illərin ardıcıl böhranlarına baxmayaraq, Macarıstan iqtisadiyyatı dayanıqlılıq və innovasiya potensialını qoruyub saxlayır. Hökumətin məqsədi Macarıstanı Avropanın innovativ iqtisadiyyatlarından birinə çevirməkdir.

Əlaqəli Xəbərlər