Zelenski xarici hərbi qulluqçulara müvəqqəti yaşayış icazəsi verilməsini nəzərdə tutan qanunu imzaladı
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrində xidmət edən xarici vətəndaşlara müvəqqəti yaşayış icazəsinin verilməsini nəzərdə tutan qanunu imzalayıb.
Operativ Media xəbər verir ki, müvafiq sənəd Zelenskinin imzası ilə Ali Radanın rəsmi saytında dərc olunub.
Ali Radanın “Telegram” kanalı bildirib ki, qanun xarici hərbi qulluqçulara müqavilənin bütün müddəti ərzində və müddət başa çatdıqdan sonra müvəqqəti yaşayış icazəsinin verilməsini, eləcə də onlara, xüsusilə tibbi yardım sahəsində, müəyyən sosial təminatların təqdim edilməsini nəzərdə tutur.
Ötən ilin iyul ayında Zelenski çoxsaylı vətəndaşlığı leqallaşdıran qanunu da imzalayıb. Həmin qanun 2026-cı il yanvarın 16-da qüvvəyə minib. Ukrayna hakimiyyətinin bildirdiyinə görə, təşəbbüs Ukrayna vətəndaşlığının əldə edilməsi və ləğvi ilə bağlı qanunvericilik müddəalarının yenilənməsini hədəfləyir. Bu dəyişikliklər həm xaricdə yaşayan ukraynalılara, həm də Ukrayna Silahlı Qüvvələrində xidmət edən əcnəbilərə və onların ailə üzvlərinə şamil olunur.
Belə şəxslər hərbi vəziyyət dövründə Ukrayna Silahlı Qüvvələrində bir illik müqaviləli xidmət keçdikdən sonra Ukrayna vətəndaşlığı üçün müraciət etmək hüququ əldə edirlər.