Tailand 90 ölkədən gələn turistlər üçün vizasız müddəti 30 günə endirə bilər
Tailand 90-dan çox ölkənin vətəndaşları üçün vizasız müddəti 60 gündən 30 günə endirə bilər.
Operativ Media xəbər verir ki, bu barədə "Bangkok Post" qəzeti məlumat yayıb .
Turizm və İdman Nazirliyinin məlumatına görə, bu tədbirin krallığın turizm sənayesinə mənfi təsir göstərməsi gözlənilmir, çünki xarici turistlərin əksəriyyəti orta hesabla ölkədə bir aydan az vaxt keçirir.
Departamentin daimi katibi Natthriya Thavivonq bildirib ki, "Baş nazir tərəfindən yaradılan və Xarici İşlər üzrə Daimi Katibin sədrliyi ilə yeni komitə 93 ölkədən gələn qonaqlar üçün 60 günlük vizasız qalma da daxil olmaqla, viza tədbirlərini nəzərdən keçirməyi planlaşdırır".
"Bu dəyişiklik turizmə təsir etməməlidir, çünki xarici turistlər Tailandda orta hesabla 21 gündən çox qalmırlar. Əgər onlar 30 gündən çox qalmaq istəyirlərsə, həmişəki kimi müddətin uzadılmasını tələb edə bilərlər", - deyə o bildirib.