ABŞ-nin hərbi bərpa xərci 3 milyard dolları keçə bilər
ABŞ Yaxın Şərqdəki münaqişə başa çatdıqdan sonra zədələnmiş və itirilmiş hərbi texnikanın bərpası və ya əvəzlənməsi üçün təxminən 1,4–2,9 milyard dollar xərcləməli olacaq.
Operativ Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti Pentaqonun sabiq əməkdaşına istinadən məlumat yayıb.
Bildirilib ki, səhvən vurulan üç “F-15E” əvəzinə yeni “F-15” qırıcı təyyarələrinin alınması təxminən 300 milyon dollara başa gələcək. Eyni zamanda, İranın zərbəsi nəticəsində məcburi eniş edən “F-35A Lightning II” qırıcısının (təxminən 82,5 milyon dollar dəyərində) təmiri tələb olunur.
Qəza nəticəsində itirilən “KC-135” tanker təyyarənin istehsalı dayandırıldığı üçün onun “KC-46” ilə əvəzlənməsi planlaşdırılır. Bu təyyarənin dəyəri təxminən 165 milyon dollar təşkil edir. Bundan əlavə, regionda digər zədələnmiş texnikanın da təmiri tələb olunur.