İranda hərbi xidmət yaşı azaldılıb
İran hakimiyyəti ölkədə hərbi xidmət üçün minimum yaş həddini 12 olaraq müəyyən edib.
Operativ Media xəbər verir ki, bu barədə İran İnqilabı Keşikçiləri Korpusunun rəis müavini Rəhim Nadolli bildirib.
Yeni qaydalara əsasən, 12-13 yaşlı uşaqlar könüllü olaraq ordunun kəşfiyyat işləri, patrul xidməti və Bəsic könüllü ordusunun nəzarət məntəqələrində xidmət apararaq sıralara cəlb olunurlar. Həmçinin onların hərbi hissələr üçün yemək hazırlamaq və yaralı əsgərlərə tibbi yardım göstərmək kimi köməkçi işlərə cəlb edilməsi planlaşdırılır.
Qeyd olunur ki, bu təşəbbüs məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsinə yönəlmiş xüsusi proqram çərçivəsində həyata keçirilir. Beynəlxalq müşahidəçilər bu təcrübəni tənqid edir və qeyd edirlər ki, yetkinlik yaşına çatmayanların hərbi sistemə cəlb edilməsi İranın uşaq hüquqlarının qorunması və gəncləri silahlı münaqişələrdən qorumaq üzrə beynəlxalq öhdəliklərinə zidd ola bilər.