İraqda hərbi bazaya hücum nəticəsində təyyarə yararsız hala düşüb
Operativ Media
Bağdadda yerləşən hərbi bazalardan birinə raket hücumu zamanı İraq Hərbi Hava Qüvvələrinə məxsus “Antonov-132” tipli təyyarə yararsız hala salınıb.
Operativ Media xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, yerli vaxtla saat 01:55-də Bağdadətrafı ərazilərdən buraxılan 122 millimetrlik “Qrad” tipli raketlərlə şəhid Məhəmməd Əlaa adına hərbi hava bazası hədəfə alınıb.
Hadisə zamanı insan itkisi qeydə alınmayıb.
Qeyd edək ki, sözügedən hərbi baza Bağdad Beynəlxalq Hava Limanı ərazisində yerləşir.
Hava limanı kompleksində, həmçinin Amerika Birləşmiş Ştatları (ABŞ) səfirliyinə məxsus diplomatik dəstək mərkəzi də fəaliyyət göstərir.