Menyu

Gürcüstan və Azərbaycan müdafiə nazirləri görüşüb - YENİLƏNİB

Şəfa Hüseynli
Gürcüstan və Azərbaycan müdafiə nazirləri görüşüb  - YENİLƏNİB

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Protokola uyğun olaraq, təntənəli qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçiblər. Hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

General-polkovnik Z.Həsənov bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrimizin davamlı olaraq inkişaf etdiyini qeyd edib.

Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevin də iştirak etdiyi görüşdə tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıqların yeni perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində nümayəndə heyəti Tbilisi şəhərində yerləşən Qəhrəmanlar Memorialını və Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edib, abidələrin önünə əklillər qoyub.



***
13:38

Gürcüstan Baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovani Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovu qəbul edib.

Operativ Media bu barədə Gürcüstan mediasına istinadən xəbər verir.

Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirildikdən sonra tərəflər ikitərəfli, regional və beynəlxalq əməkdaşlığın müxtəlif məsələlərini müzakirə ediblər.

Bildirilib ki, İrakli Çikovani Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi sarsılmaz dəstəyə görə Azərbaycanlı həmkarına təşəkkür edib. Söhbət zamanı Cənubi Qafqaz regionunun uzunmüddətli və sabit inkişafının vacibliyi müzakirə edildi.

Tərəflər müdafiə sahəsində ikitərəfli əməkdaşlıq planında nəzərdə tutulan məsələləri, o cümlədən hərbi təhsil, sosial və psixoloji dəstək, eləcə də çoxmillətli hərbi təlimlərdə birgə iştirak məsələlərini müzakirə ediblər.

Görüşdə müdafiə sahəsində mövcud olan Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatı müzakirə olunub. 


Əlaqəli Xəbərlər