Menyu

Kirayə mənzil bazarı: avqust-sentyabr aylarında qiymətlər niyə artır?

Ayşən Sadıxzadə
Kirayə mənzil bazarı: avqust-sentyabr aylarında qiymətlər niyə artır?

Kirayə mənzil bazarında qiymət artımı son illərdə ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Xüsusilə paytaxt Bakıda müəyyən dövrlərdə kirayə mənzillərə tələbatın artması qiymətlərin də yüksəlməsinə səbəb olur. Mütəxəssislər bildirirlər ki, bazarda tələb və təklif arasındakı balansın pozulması, urbanizasiya prosesinin sürətlənməsi və mənzil fondunun məhdudluğu kirayə qiymətlərinin artmasına təsir edən əsas amillər sırasındadır.

Mövzu ilə bağlı Operativ Media-ya Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, kirayə mənzil bazarı hər il mövsümi təsirlərə məruz qalır və bu tendensiya uzun illərdir davam edir.

Onun sözlərinə görə, tədris ilinin başlaması ərəfəsində, xüsusilə avqust-sentyabr aylarında tələb kəskin şəkildə artır. Buna əsas səbəb isə ali məktəblərə qəbul olunan tələbələrin və onların ailələrinin kirayə mənzil axtarışına başlamasıdır:

“Kirayə bazarında tələb artdıqca, tələb və təklif arasındakı tarazlıq dəyişir və nəticədə qiymətlər yüksəlir. Bu proses yeni deyil, hətta sovet dövründən etibarən müşahidə olunur. Həmin dövrdə tələbələrin böyük hissəsi yataqxanalarda yerləşdirildiyi üçün bazara təzyiq nisbətən az idi.

1990-cı illərdə ölkədə baş verən hadisələr, xüsusilə torpaqların işğalı nəticəsində məcburi köçkünlərin Bakıya və digər iri şəhərlərə üz tutması kirayə mənzil bazarına əlavə yük yaratdı. Bu da uzunmüddətli perspektivdə kirayə mənzilə olan tələbin artmasına və bazarın formalaşmasına təsir göstərən əsas amillərdən biri oldu.

Son illərdə kirayə qiymətlərinin artması fonunda ən geniş yayılan tendensiyalardan biri bir neçə tələbənin eyni mənzili birlikdə kirayələməsidir. Hər il 50 mindən çox abituriyentin ali məktəblərə qəbul olunması da avqust-sentyabr aylarında kirayə mənzil bazarında tələbi əhəmiyyətli dərəcədə artırır. Nəticədə universitetlərə yaxın ərazilərdə kirayə qiymətləri hər il orta hesabla 5–10 faiz, bəzi hallarda isə 15–20 faizə qədər yüksəlir.

Sentyabrın sonu və oktyabrın əvvəlindən etibarən bazarda tələb nisbətən zəifləyir və qiymətlərdə müəyyən korrektələr müşahidə olunur. Bu dövrdə avqust-sentyabr aylarında formalaşan yüksək qiymətləri saxlamaq mümkün olmur və kirayə haqları müəyyən qədər aşağı düşür. Sonrakı mövsümə qədər isə qiymətlər cüzi dəyişikliklərlə sabit qalır

Problemin uzunmüddətli həlli üçün yeni tələbə yataqxanalarının tikilməsi və ali təhsil müəssisələrinin bir qisminin şəhər kənarına və regionlara köçürülməsi vacibdir. Yeni universitetlər kampus modeli əsasında inşa edilməlidir. Belə kampuslarda tələbələrin yaşayışı, təhsil alması, idman zalları, marketlər, istirahət və əyləncə məkanları kimi bütün zəruri infrastruktur bir ərazidə cəmləşməlidir. Bu yanaşma həm tələbələrin rahatlığını artırar, həm universitetlərin yerləşdiyi ərazilərin iqtisadi inkişafına töhfə verər, həm də Bakıdakı kirayə mənzil bazarına düşən yükü azaldar.

Regionlarda, o cümlədən Xankəndidə fəaliyyət göstərən Qarabağ Universiteti kimi ali təhsil müəssisələrinin inkişafı da bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bu, regionlarda iqtisadi canlanmanı sürətləndirə, təhsilə marağı artıra və paytaxtda kirayə mənzil bazarına olan təzyiqi azalda bilər.

Bu ilin avqust-sentyabr aylarında Bakıda orta aylıq kirayə mənzil haqqının 700–750 manat səviyyəsinə yüksələcəyi gözlənilir. Ötən ilin eyni dövründə bu göstərici təxminən 600–650 manat təşkil edirdi. İnflyasiya və artan tələb fonunda bu il kirayə qiymətlərinin daha yüksək olacağı gözlənilir”.

Əmlak eksperti Elnur Azadovun sözlərinə görə, avqust-sentyabr aylarında kirayə mənzil bazarında qiymətlərin kəskin artmasının əsas səbəbi regionlardan təhsil almaq üçün Bakıya gələn tələbələrin sayının çoxalmasıdır:


“Tədris ilinin başlanması ilə əlaqədar olaraq avqustun sonundan sentyabr ayı ərzində kirayə mənzillərə tələbat əhəmiyyətli dərəcədə artır. Bazarda təklifin məhdud olması isə tələb və təklif balansını pozur ki, bu da qiymətlərin yüksəlməsinə səbəb olur.

Müşahidələr göstərir ki, bu dövrdə kirayə qiymətləri orta hesabla 20-25 faiz artır. Xüsusilə metro stansiyalarının, ali təhsil müəssisələrinin yaxınlığında yerləşən mənzillərdə qiymət artımı daha qabarıq hiss olunur. Ucqar qəsəbə və kəndlərdə isə bu tendensiya o qədər də nəzərə çarpmır.

Ümumilikdə, son on ilə yaxın dövrdə kirayə mənzil bazarında qiymətlər demək olar ki, fasiləsiz artım nümayiş etdirir. Bunun əsas səbəbləri arasında Bakıda urbanizasiyanın sürətlənməsi, regionlardan paytaxta əhali axınının artması, kütləvi söküntülər və pilot layihələr çərçivəsində yaşayış binalarının sökülməsi nəticəsində insanların kirayə bazarına yönəlməsi göstərilir. Təklifin tələbi qarşılamaması kirayə qiymətlərinin ildən-ilə yüksəlməsini şərtləndirən əsas amillərdən biri olaraq qalır”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər